image-1backend

İsrail Trampa xəbərdarlıq etdi: İrana qarşı təkbaşına hücuma keçəcəyik  

image-ads-728x90

İsrail ABŞ-ı məlumatlandırıb ki, İran ballistik raket proqramı ilə bağlı müəyyən edilmiş “qırmızı xətti” keçərsə, Vaşinqtonun və digər müttəfiqlərin iştirakı olmadan hərbi əməliyyatlara başlaya bilər. Korrekt.az xəbər verir ki,  bu barədə The Jerusalem Post İsrailin təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazır.

Məlumata görə, İsrail rəhbərliyi İranın ballistik raket proqramını ölkənin milli təhlükəsizliyi üçün ekzistensial təhdid hesab edir. Son həftələrdə İsrailin müdafiə qurumlarının yüksək vəzifəli nümayəndələri amerikalı həmkarları ilə bir sıra qapalı məsləhətləşmələr apararaq, zərurət yaranacağı təqdirdə İranın raket potensialını və istehsal infrastrukturunu məhv etməyə hazır olduqlarını bildiriblər.

Mənbələrdən birinin sözlərinə görə, İsrail tərəfi ABŞ rəsmilərinə açıq şəkildə bəyan edib ki, İran ballistik raketlərlə bağlı müəyyən olunmuş həddi aşarsa, İsrail müstəqil şəkildə zərbə endirəcək. Həmin mənbə qeyd edib ki, hazırda İran bu həddi keçməyib, lakin vəziyyət İsrail tərəfindən diqqətlə izlənilir.

İsrail rəsmiləri vurğulayıblar ki, ölkə öz hərəkət azadlığını məhdudlaşdırmaq niyyətində deyil və İranın strateji silah sistemlərini İsrailin mövcudluğunu təhdid edə biləcək miqyasda bərpa etməsinə imkan verməyəcək.

Müdafiə qurumlarından olan yüksək vəzifəli bir şəxs mövcud vəziyyəti “tarixi fürsət” kimi dəyərləndirib. Onun sözlərinə görə, İranın raket infrastrukturuna ciddi zərbə endirməklə təkcə İsrail üçün deyil, regionun digər ölkələri üçün də təhlükə yaradan riskləri neytrallaşdırmaq mümkündür. ABŞ-la aparılan danışıqlar zamanı Tehranın raket proqramı ilə əlaqəli əlavə obyektlərə zərbələr endirilməsi planları da təqdim olunub.

Eyni zamanda, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın mümkün yanaşması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar ehtimal edirlər ki, Vaşinqton Yəməndə husilərə qarşı həyata keçirilən son əməliyyatlara bənzər şəkildə yalnız məhdud və simvolik zərbələrlə kifayətlənə bilər.

“Qorxuruq ki, bir neçə hədəf vurulacaq, uğur elan ediləcək və nəticələri ilə İsrail təkbaşına üz-üzə qalacaq”, – deyə israilli hərbi mənbələrdən biri bildirib və əlavə edib ki, yarımçıq tədbirlər əsas təhlükəni aradan qaldırmayacaq.

Gözlənilir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a planlaşdırılan səfəri zamanı onu İsrail Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yeni komandanı, briqada generalı Omer Tişler müşayiət edəcək. Tişler hazırda Vaşinqtonda İsrailin hərbi attaşesi olmadığı üçün Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin nümayəndəsi qismində çıxış edəcək.

Qeyd edək ki, yanvarın sonlarında ABŞ İran ətrafında güclü hərbi qruplaşma formalaşdırıb. Ağ Evdə İrana qarşı müxtəlif ssenarilər – nüvə obyektlərinə, ballistik raket arsenalına zərbələr və ya psixoloji təzyiqin gücləndirilməsi variantları müzakirə olunur.

Bir neçə gün əvvəl Pentaqon ABŞ hərbi qüvvələrinin Ərəb dənizində aviadaşıyıcı USS Abraham Lincoln gəmisinə təhlükəli şəkildə yaxınlaşan İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı. Analitiklərin fikrincə, bu insident İranın regionda apardığı daha geniş psixoloji strategiyanın tərkib hissəsidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki