image-1backend

Kadırov oğlunun avtomobil qəzası ilə bağlı yayılan xəbərləri “uydurma” adlandırdı

image-ads-728x90

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu, Çeçenistan Regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırovun avtomobil qəzasına düşməsi ilə bağlı yayılan məlumatları təkzib edib və bu xəbərləri “uydurma” adlandırıb.

Korrekt.az xəbər verir ki, Kadırov bu barədə respublikanın prokuroru Arsan Adayevlə görüşü zamanı danışıb. Onun sözlərinə görə, süni intellekt və saxta məlumatlar cəmiyyəti asanlıqla çaşdıra bilir.

“Süni intellekt hər kəsi aldada bilər. Ölkədə 128 min yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 min 9 nəfər həyatını itirib, amma buna heç kim diqqət yetirmir. Buna baxmayaraq, qəfil olaraq Kadırovun oğlunun qəzası ilə bağlı saxta xəbər beynəlxalq gündəmin əsas mövzusuna çevrilir”, – deyə Ramzan Kadırov bildirib.

Çeçenistan rəhbəri, həmçinin respublikada kibercinayətkarlığa və saxta xəbərlərin yayılmasına qarşı mübarizənin gücləndiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu məsələ təkcə Çeçenistan üçün deyil, bütün ölkə üçün son dərəcə vacibdir.

“Saxta xəbərlərə qarşı mübarizə xüsusilə təcilidir. Nədənsə respublikamızla bağlı yalan məlumatlar mediada həmişə xüsusi ajiotaj yaradır”, – deyə Kadırov vurğulayıb.

Qeyd edək ki, Adam Kadırovun Qroznıda avtomobil qəzasına düşməsi ilə bağlı məlumatlar yanvar ayında müxalif “Niyso” teleqram kanalı və “Kavkaz.Realii” nəşri tərəfindən yayılmışdı.

“Kavkaz.Realii”nin mənbələrinə görə, 18 yaşlı Adam Kadırovun idarə etdiyi avtomobil yüksək sürət səbəbindən idarəetmədən çıxaraq maneəyə çırpılıb. Onu müşayiət edən avtomobil karvanında da zəncirvari toqquşma baş verib. Qəza nəticəsində xəsarət alanların dəqiq sayı açıqlanmayıb.

Eyni mənbənin iddiasına əsasən, Adam Kadırov müalicə məqsədilə helikopterlə Moskvaya aparılıb. Çeçenistan hakimiyyəti isə daha əvvəl bu xəbərlə bağlı rəsmi mövqe bildirməmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki