ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı aparılan araşdırma çərçivəsində Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməyə razılıq veriblər. Korrekt.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.
Məlumata görə, Klinton cütlüyü Respublikaçıların tələblərini qəbul etdiklərini bildirib. Onlar bir neçə ay ərzində komitə sədri Ceyms Komerin ifadə vermə tələblərini yerinə yetirməkdən imtina etmiş, istintaqı siyasi motivli adlandırmışdılar. Mövqelərinin dəyişməsi komitədə bəzi demokrat üzvlərin respublikaçıları dəstəkləməsindən sonra baş verib.
Qeyd olunur ki, Bill Klintonun Konqres qarşısında ifadə verməsi nadir hadisə sayılır. ABŞ-ın keçmiş prezidentləri 1983-cü ildən bəri Konqresdə ifadə verməyiblər.
Nəzarət Komitəsi yüksək vəzifəli demokrat siyasətçilərin mərhum maliyyəçi Ceffri Epşteyn və onun yaxın tərəfdaşı Gisleyn Maksvell ilə əlaqələrini araşdırmağı planlaşdırır. Klintonların vəkilləri dindirmənin dörd saatla məhdudlaşdırılmasını təklif etsələr də, komitə sədri bu təklifi qeyri-kafi hesab edərək rədd edib.
Xatırladaq ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorların bildirdiyinə görə, o, 2002–2005-ci illər ərzində Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın gətirilməsini təşkil edib. Zərərçəkənlərin ən kiçiyinin 14 yaşı olub.
Epşteynin ətrafında ABŞ və digər ölkələrdən olan çoxsaylı hazırkı və sabiq dövlət rəsmiləri, tanınmış iş adamları və şou-biznes nümayəndələrinin olduğu bildirilirdi.





















