Böyük Britaniya kral ailəsinə məxsus Sandrinqem mülkünün bir sıra işçiləri kral III Çarlzın qardaşı, keçmiş şahzadə Endryu Mauntbatten-Vindzor üçün işləməkdən imtina ediblər. Bu barədə The Sun qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, işçilərin bu qərarına Endryunun uşaq istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri səbəb olub. Qəzet yazır ki, Sandrinqem mülkündə çalışanlara kralın qardaşının yanında işləməkdən narahat olduqları halda bundan imtina etmək seçimi təqdim edilib. Mənbələrin bildirdiyinə görə, artıq bu fürsətdən istifadə edənlərin “uzun siyahısı” formalaşıb.
“The Sun”un digər mənbəsi qeyd edib ki, Endryu ilə illərdir işləyən bir çox insan artıq mülkü tərk edib: “Ən yaxşı halda, minimal heyət qalacaq. Ola bilsin ki, o, həyatında ilk dəfə olaraq insanların üzünə qapını özü açmalı olsun”.
Bildirilir ki, Şahzadə və York hersoqu titullarından məhrum edilən Mauntbatten-Vindzor fevralın 3-də İngiltərənin şərqində yerləşən Sandrinqem ərazisinə köçüb. O, əvvəllər London yaxınlığındakı Vindzor qəsrinin ərazisində yerləşən Kral Lojasının iqamətgahında yaşayırdı. Hazırda 65 yaşlı Endryu Wood Farm kottecində qalır, lakin aprel ayından etibarən Sandrinqem ərazisində yerləşən Marsh Farm fermasına köçəcəyi gözlənilir.
Xatırladaq ki, 2019-cu ildə Şahzadə Endryu Epşteyn qalmaqalı fonunda kral ailəsinin üzvü kimi rəsmi vəzifələrindən istefa verməyə məcbur olub. Buna amerikalı Virciniya Giuffrenin onun barəsində irəli sürdüyü ittihamlar səbəb olmuşdu. Giuffre 17 yaşında olarkən cinsi istismara məruz qaldığını və Endryunun da bu işdə adı keçən şəxslərdən biri olduğunu bildirmişdi.
2022-ci ildə Kraliça II Yelizavetanın qərarı ilə Endryu fəxri hərbi titullarından və bir sıra ictimai təşkilatların himayəsindən məhrum edilib. 17 oktyabr 2025-ci ildə o, York hersoqu titulundan istifadəni dayandıracağını açıqlayıb. Oktyabrın 30-da isə Bukinqem Sarayı Epşteynlə əlaqələri ilə bağlı yeni açıqlamalar fonunda Endryunun anadangəlmə daşıdığı “şahzadə” titulundan da məhrum ediləcəyini elan edib.
Şahzadə Endryu uzun müddət Giuffrenin iddialarını rədd etsə də, ABŞ-da ona qarşı məhkəmə iddiası qaldırıldıqdan sonra mübahisə məhkəmədən kənar həll edilib və qadına təzminat ödənilib. Medianın məlumatına görə, təzminatın məbləği 12 milyon funt sterlinqə, yəni təxminən 15 milyon ABŞ dollarına çata bilər.





















