Fransız nəşri Le Monde xəbər verir ki, Ukrayna 2025-ci ilin sonunda Prezident Volodimir Zelenskiy tərəfindən yaradılan Beynəlxalq Legionu səssizcə ləğv edib. Xarici könüllülər legiondan ümumi ordunun hücum batalyonlarına köçürülür. Bu batalyonlar orduda ən təhlükəli döyüş tapşırıqlarını yerinə yetirir.
Qərar 31 dekabr 2025-ci il tarixində gizli şəkildə elan olunub. Bununla belə, Legionun 2-ci batalyonu 15 fevrala qədər müvəqqəti təxirə salınsa da, heyət artıq 253-cü hücum batalyonuna, 129-cu ərazi müdafiə briqadasına transfer edilib.
Xarici döyüşçülər bu xəbəri gözlənilməz hesab edirlər. 2023-cü ildə Legionun sıralarına qatılan 45 yaşlı danimarkalı “Viking” ləqəbli könüllü deyib:
“Bu şok oldu. Bizə dedilər: “Çamadanlarınızı yığın və elə bu gün Krivoy Roga yollanın”. Şəraitimiz kəskin pisləşdi: kazarmada həftələrlə su və internet yoxdur, təlim yoxdur, hamı demoralizasiya olunub, bir çox dostlar ayrıldı.”
Batalyonun rəhbəri Andrey Spivak bu qərarı strateji səhv adlandırıb:
“Beynəlxalq Legionun ləğvi inanılmaz resurs itkisi deməkdir. Biz orduda yeganə iki dilli zabit heyətinə malik bölməyik. Legionerlərə innovativ müdafiə taktikaları öyrədirdik, indi onları hücum batalyonlarına göndərirlər ki, bu tamamilə fərqli missiyadır. Bu bacarıqlar itirilmək riski altındadır.”
Rəsmi məlumatlara görə, Legionda neçə xarici könüllü xidmət etdiyi açıqlanmır. 2022-ci ildən bir neçə min könüllü müqavilə imzalayıb, lakin planlaşdırılan 20 min nəfərlik heyət heç vaxt formalaşmayıb. Xarici könüllülər Ukrayna ordusunun əmək haqqı alır, lakin altı ay sonra müqaviləni ləğv edə bilirlər ki, bu da yüksək dövriyyəyə səbəb olub.
Beynəlxalq Legion əvvəlcə dörd batalyondan ibarət olub və Xarkov vilayəti, Volçansk və Çasovoy Yar ətrafında döyüşlərdə iştirak edib. Mənbələr bildirir ki, 1-ci və 3-cü batalyon ciddi itkilər və dezertirliklə üzləşdikdən sonra qalan heyət hücum batalyonlarına göndərilib.
Bəzi legionerlər şəraitdən asılı olmayaraq xidmətlərini davam etdirmək istəyirlər. 27 yaşlı amerikalı könüllü “Connor” deyib:
“Mən öz ölkəm üçün döyüşməyə gəlmişəm, Legion üçün deyil. Ən vacibi davam etməkdir.”
Digərləri isə müqaviləni dayandırmaq niyyətindədir. 53 yaşlı amerikalı döyüş tibbçisi Karl bildirib:
“Müqaviləni ləğv edirəm. Həyatımızı təhlükəyə atırıq, amma bizi sadəcə atırlar. Bu, tərs bir addımdır.”
Könüllülər qeyd edirlər ki, Beynəlxalq Legion xaricilər üçün nisbətən “təhlükəsiz mühit” təmin edirdi. “Viking” əlavə edib:
“Hər kəs komandirin ingilis dilini bilmədiyi bölməyə düşməkdən qorxur.”
Xatırladaq ki, Beynəlxalq Legion 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalından sonra yaradılıb və xarici könüllüləri Ukraynanın müdafiəsinə cəlb etmək məqsədilə formalaşdırılıb. Legion həm hücum, həm də müdafiə əməliyyatlarında, xüsusən Xarkov vilayəti, Bakhmut və şimal-şərqi Ukraynada fəaliyyət göstərib.
Legionda çoxlu fransız könüllülər olub və onlar ruslar üçün anlaşılmaz olsun deyə xüsusi kodlaşdırılmış radio ünsiyyət sistemi yaradıb.





















