UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” klubu böyük maliyyə gəliri əldə edib. Ağdam təmsilçisi pley-offa vəsiqə qazandığı üçün 1 milyon avro gəlir əldə edib. Bundan əlavə, əsas mərhələnin yekun turnir cədvəlində 22-ci yeri tutduğuna görə klubun hesabına təxminən 4,5 milyon avro köçürüləcək.
Korrekt.az xəbər verir ki, beləliklə, “Qarabağ”ın xəzinəsinə bir gecədə ümumilikdə 5,5 milyon avro əlavə olunacaq.
Məlumata görə, Azərbaycan çempionu bu mövsüm Çempionlar Liqasından artıq 36 milyon avrodan çox qazanc əldə edib. Klub əsas mərhələyə vəsiqə qazandığı üçün 18,62 milyon avro mükafat alıb. Qrup mərhələsində “Benfika”, “Kopenhagen” və “Ayntraxt” üzərində qazanılan qələbələr hərəyə 2,1 milyon avro olmaqla ümumilikdə 6,3 milyon avro gəlir gətirib. “Çelsi” ilə heç-heçə isə kluba əlavə 700 min avro qazandırıb.
Pley-off mərhələsinə yüksəlmək və turnir cədvəlində 22-ci pilləni tutmaq da yuxarıda qeyd edildiyi kimi daha 5,5 milyon avro gəlir təmin edib.
Bundan başqa, Avropa kuboklarında klub əmsalları və yayım bazarları ilə bağlı ödənişlər çərçivəsində “Qarabağ”ın ən azı 4,9 milyon avro alacağı gözlənilir.
Qeyd edək ki, “Qarabağ” 1/8 final mərhələsinə yüksələrsə, klubun gəliri daha 11 milyon avro artacaq.





















