image-942417_srcbackend

Sabiq icra başçısının oğlu Rumıniyanın ən bahalı əmlaklarını alır- Avropa mətbuatı yazır

image-ads-728x90

Rumıniyanın Profit.ro portalının 29 yanvar tarixli məlumatına görə, 2016-cı ildə vəzifəsindən azad edilmiş Salyan rayonunun keçmiş icra hakimiyyəti başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən təsis edilən şirkət Rumıniyada iri yaşayış layihələrini əldə edib. Söhbət 40 villadan ibarət yaşayış kompleksindən, eləcə də onlarla dupleks mənzili əhatə edən digər layihədən gedir.

image-942415_src

Oliqarxik “Caspian Fish” şirkətinin əsas fiqurlarından biri kimi tanınan Tahir Kərimov 2015-ci ildə sosial şəbəkələrdə yayılan bir foto ilə geniş ictimaiyyətin diqqətini çəkmişdi. Həmin görüntüdə Roma imperatorunu xatırladan icra başçısı yerli məktəblilərin əlində tutduğu gül çələngləri arkadasının altından əzəmətlə keçirdi. Bu foto uzun müddət müzakirə mövzusu olmuşdu.

Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Onun qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illərdə SOCAR Petroleum SA-nın Rumıniyadakı törəmə şirkətinə rəhbərlik edib. Həmin vəzifəyə təyin olunanda Həmzə Kərimovun cəmi 23 yaşı var idi.

image-942418_src

Profit.ronun yazdığına görə, Abuzərli tərəfindən yaradılan Memaar Capital şirkəti əvvəllər rumın iş adamı Corce Bekalinin ailəsinə məxsus olan Buxarestin Pipera bölgəsində yerləşən 40 villalı yaşayış kompleksini satın alıb. Şirkət eyni zamanda ət emalı şirkəti Agro Ardealın sahibi olan yerli milyonçu İoan Peykanın qızına məxsus ikinci bir layihəni də əldə edib.

Memaar Capital artıq bir neçə ildir Rumıniya bazarında fəaliyyət göstərir. Şirkət rəsmi olaraq 2022-ci ildə başqa ad altında yaradılıb, daha sonra rebrendinq edilib. Hazırda şirkət üç yaşayış kompleksində ümumilikdə 86-dan çox binaya sahib olduğunu bildirir və daşınmaz əmlak sektorunda geniş təcrübəyə malik olduğunu iddia edir.

Pipera layihəsi Harmony Homes adlandırılıb. Kompleks hər biri təxminən 134 kvadratmetr olan 40 ikimərtəbəli villadan ibarətdir. Alexander Residence kompleksinin birinci mərhələsi əvvəlki sahiblər tərəfindən 2021-ci ildə tamamlanıb, ikinci mərhələ isə tam şəkildə Memaar Capital-in idarəsinə verilib.
Bundan başqa, azərbaycanlı investor Baloteşti qəsəbəsində yerləşən Eight Cubic Residence layihəsini də satın alıb. Layihənin ilkin mərhələsi 10 dupleksdən (20 mənzil) ibarət olub. Yeni sahib binaların sayını 26-ya çatdırmağı və Harmony Gardens brendi altında ümumilikdə 52 mənzil yaratmağı planlaşdırır.

Ümid Abuzərlinin fəaliyyəti yalnız tikinti sektoru ilə məhdudlaşmır. O, əvvəllər Yeni Azərbaycan Partiyasının gənclər təşkilatında koordinator, Diasporla İş üzrə Dövlət Komitəsində əməkdaş kimi çalışıb. Hazırda isə Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidentidir. Abuzərli həmçinin Rumıniyada fəaliyyət göstərən Azərbaycan şirkətlərini birləşdirən və RAFO neft emalı zavodunun alınmasında maraqlı olduğunu açıqlayan “Qırmızı Dairə” qrupunun fəaliyyətini əlaqələndirib.

2024-cü ildə Memaar Capital Dubay Azad Zonasında qeydiyyatdan keçmiş Rock Global DMCC şirkətinə satılıb. Nəşrin məlumatına görə, Ümid Abuzərli şirkətin rəsmi nümayəndəsi olaraq qalır ki, bu da onun faktiki nəzarəti saxladığını göstərir.
Ailəyə bağlı strukturlar digər aktivlərlə də əlaqələndirilir. Memaar Capital, Həmzə Kərimovun qardaşı Tural Kərimova məxsus inkişaf şirkəti ilə əlaqədə göstərilir. Abuzərlinin özü isə Azərbaycan, Rumıniya, ABŞ və BƏƏ-də fəaliyyət göstərən, neft sənayesi də daxil olmaqla ətraf mühit və təkrar emal texnologiyaları üzrə ixtisaslaşmış Ecotech şirkətini təsis edib.

Son illərdə Kərimovlar ailəsi Rumıniyada daşınmaz əmlak və kommersiya layihələrində iştirakını sürətlə genişləndirib. Həmzə Kərimov Rumıniyanın keçmiş biznes naziri İlan Laufer ilə tərəfdaşlıq edərək Otopenidə ticarət və əyləncə mərkəzinin yaradılması üzərində çalışır. Daha əvvəl ailə ilə əlaqəli strukturlar yanacaqdoldurma məntəqələri şəbəkəsindən tutmuş ofis binaları və inkişaf layihələrinə qədər müxtəlif sahələrdə aktivləri idarə edib.

Beləliklə, bir vaxtlar Salyan rayonunda baş vermiş qalmaqallarla və “imperator” görüntüləri ilə gündəmə gələn ailənin fəaliyyəti qısa müddət ərzində Rumıniyanın və ümumilikdə Avropanın daşınmaz əmlak bazarında geniş miqyas alıb.haqqin.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki