image-1backend

The Telegraph: Rusiya iqtisadiyyatı çökür, ruslar isə ölkədən qaçır  

image-ads-728x90

Böyük Britaniyanın The Telegraph nəşri yazır ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ölkənin hərbi iqtisadiyyatını ciddi böhran həddinə gətirib çıxarıb. Nəşrin qiymətləndirməsinə görə, bu proses Rusiya üçün 1917-ci il inqilabından bəri ən böyük miqrasiya dalğası ilə müşayiət olunur.

Məqalədə qeyd olunur ki, Rusiyada hərbi iqtisadiyyat faktiki olaraq kəskin şəkildə zəifləməyə başlayıb. Səhiyyə, aviasiya ehtiyat hissələrinin istehsalı və enerji obyektlərinin saxlanılması kimi mühüm sahələrə ayrılan vəsaitlərin azaldılması artıq mənfi nəticələr verməkdədir.

The Telegraphin məlumatına görə, Rusiyanın ÜDM artım tempi 2024-cü ildə 4,9 faiz olduğu halda, 2025-ci ildə 1 faizə enib. Proqnozlar bu zəif dinamikanın 2026-cı ilin sonunadək davam edəcəyini göstərir. Eyni zamanda, inflyasiya səviyyəsi yüksək olaraq 6,4 faizdə qalır, əsas faiz dərəcəsi isə 15 faiz səviyyəsində saxlanılır.

Nəşr vurğulayır ki, bu iqtisadi çətinliklər Vladimir Putin üçün xüsusilə əlverişsiz bir vaxta təsadüf edir. Cəbhədə ciddi uğurların olmaması və itkilərin artması fonunda artıq adi rusiyalılar da müharibənin iqtisadi nəticələrini hiss etməyə başlayıblar. Müharibənin maliyyələşdirilməsi məqsədilə Kremlin səhiyyə, sənaye və enerji sektorlarında xərcləri azaltdığı, hətta hərbçilərə verilən bəzi müavinətlərin də ixtisar edildiyi bildirilir.

Məqalədə qeyd olunur ki, bu genişmiqyaslı ixtisarlar iqtisadiyyata dağıdıcı təsir göstərir. Əhalinin qocalması, müharibənin yaratdığı psixoloji travmalar və səhiyyə büdcəsinin azalması vəziyyəti daha da ağırlaşdırır.

Nəşr əlavə edir ki, Putinin Rusiya iqtisadiyyatının gələcəyi ilə bağlı narahat müzakirələri tamamilə susdurmaq imkanı artıq yoxdur. Bu narazılıqlar kütləvi iğtişaşlara səbəb olmasa da, başqa formalarda özünü göstərir. Belə ki, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxilədən sonra 500 minlə 1 milyon arasında Rusiya vətəndaşı ölkəni tərk edib ki, bu da 1917-ci ildən bəri ən böyük emigrasiya dalğası sayılır.

The Telegraph yazır ki, Qərbin Rusiyanın neft satışından əldə etdiyi gəlirləri azaltmaq istiqamətində daha koordinasiyalı addımları Kremlin əvvəlki strategiyasını iflasa uğradır. Bu şəraitdə müharibənin davam etdirilməsi Rusiya əhalisinin həyat səviyyəsinin daha da aşağı düşməsinə gətirib çıxaracaq.

Nəşrin qənaətinə görə, Rusiyanın cəbhədə cüzi üstünlüyü olsa da, zəif iqtisadi vəziyyət bu üstünlüyü kompensasiya edir. Yeni sanksiyalar və Ukraynaya hərbi dəstəyin artırılması Putini gözləniləndən daha tez kompromisə getməyə məcbur edə bilər.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, Rusiyanın 2025-ci ildə federal büdcə kəsiri ÜDM-in 2,6 faizini təşkil edib. Eyni zamanda, neft və qaz satışından əldə olunan gəlirlər 2024-cü illə müqayisədə təxminən 24 faiz azalaraq 8,48 trilyon rubl olub. Mövcud vəziyyət fonunda Vladimir Putin vergi yığımlarının əhəmiyyətli dərəcədə artırılması barədə göstəriş verib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki