Türkiyədə mütəşəkkil cinayətkarlıqla bağlı aparılan istintaq çərçivəsində 9-u polis əməkdaşı olmaqla ümumilikdə 17 şübhəli saxlanılıb.
Korrekt.az xəbər verir ki, ictimaiyyətə “Casperlar” kimi tanınan yeni nəsil silahlı cinayətkar təşkilata qarşı əməliyyat Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən həyata keçirilib. Qurumun açıqlamasına görə, yanvarın 9-da Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən təşkilata qarşı eyni vaxtda keçirilən əməliyyat zamanı əldə olunan rəqəmsal materiallar araşdırılıb.
Araşdırmalar nəticəsində təşkilat üzvlərinin bəzi dövlət məmurları ilə əlaqə və qarşılıqlı faydalı münasibətlər qurduğu müəyyən edilib. Bildirilir ki, təşkilat rəhbərləri və üzvləri vəzifə və səlahiyyətlərinə zidd hərəkət edən məmurlar vasitəsilə “cinayət qeydləri, həbs qərarları, nəqliyyat vasitəsi məlumatları və saxlama protokolları” kimi məxfi məlumatlara çıxış əldə ediblər.
Fevralın 19-da təşkilatın iyerarxiyası daxilində fəaliyyət göstərdiyi ehtimal edilən 9 polis əməkdaşı, 1 məhkəmə katibi, 1 gömrük əməkdaşı və 1 təqaüdçü polis də daxil olmaqla ümumilikdə 17 nəfər barəsində həbs qərarı çıxarılıb. Şübhəlilərin Istanbul, Mugla, Bursa, Giresun, Mersin və Sirnak vilayətlərindəki ünvanlarında axtarış və müsadirə tədbirləri həyata keçirilib.
İstintaq çərçivəsində barələrində həbs qərarı verilmiş 17 şübhəlinin hamısı saxlanılıb. Araşdırmalar davam etdirilir.





















