İstanbul mərkəzli və beş vilayəti əhatə edən qanunsuz mərc əməliyyatı çərçivəsində idman klubunun keçmiş prezidenti və menecerləri də daxil olmaqla 8 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində Diyarbekirspor futbol klubu da daxil olmaqla bir sıra əmlaklar müsadirə edilib.
Korrekt.az xəbər verir ki, Maliyyə Cinayətləri İstintaq Şurası (MASAK) tərəfindən hazırlanan hesabat əsasında İstanbul Polisinin Kiber Cinayətlər Bölməsi əməkdaşları İstanbul Anadolu Baş Prokurorluğunun koordinasiyası ilə “qanunsuz mərc oyunları” ilə bağlı araşdırma aparıblar.
İstintaq zamanı müəyyən edilib ki, idman klubunun keçmiş prezidenti və bəzi menecerlər qanunsuz mərc saytının sahibi olublar və əldə olunan gəlirləri müxtəlif idman klubları vasitəsilə leqallaşdırıblar. Araşdırma çərçivəsində bu vəsaitlərin klubun mühasibi və bəzi əməkdaşların bank hesabları üzərindən klubun hesablarına köçürüldüyü müəyyən olunub.
Toplanan sübutlar əsasında İstanbul, Ankara, İzmir, Hatay və Diyarbəkirdə eyni vaxtda əməliyyatlar keçirilib.
Əməliyyat nəticəsində 8 şübhəli saxlanılıb. Bundan əlavə, Diyarbekirspor futbol klubu, 3 şirkət, 6 nəqliyyat vasitəsi, 3 motosiklet, 7 mənzil, 6 torpaq sahəsi və 1 iş yeri müsadirə olunub.
Saxlanılan şəxslər dindirilmək üçün polis idarəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir.





















