image-1backend

Vuçiç: Ərdoğan təkcə regionda deyil, dünyada böyük liderdir  

image-ads-728x90

Serbiya prezidenti Aleksandar VuçiçTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Prezident Kompleksində keçirilən ikitərəfli və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra birgə mətbuat konfransında çıxış edib.

Korrekt.az xəbər verir ki, Vuçiç iki dost ölkə arasında açıq və səmərəli müzakirələrin aparıldığını, qarşılıqlı hörmət və etimadın münasibətlərin əsasını təşkil etdiyini bildirib. O, Ərdoğanın təkcə Türkiyədə və regionda deyil, həm də qlobal miqyasda böyük lider olduğunu vurğulayıb.

Serbiya Prezidenti qeyd edib ki, bir neçə il əvvəl iki ölkə arasında ticarət dövriyyəsi 800–900 milyon dollar səviyyəsində olub və 5 milyard dollar hədəfi müəyyən ediləndə buna şübhə ilə yanaşıb. Hazırda ticarət dövriyyəsinin 3,5 milyard dollara çatdığını deyən Vuçiç bu artımı mühüm nailiyyət kimi qiymətləndirib.

“Serbiya Türkiyədən daha kiçik ölkədir. Türkiyənin ən vacib tərəfdaşı ola bilməyəcəyimizi bilirik. Amma Türkiyə Serbiya üçün son dərəcə vacib tərəfdaşdır”, – deyə Vuçiç bildirib. O, Türkiyənin siyasi, iqtisadi, hərbi və müdafiə sahələrində oynadığı mühüm rolu yüksək qiymətləndirdiklərini qeyd edib.

Vuçiç Türkiyənin Serbiyaya yatırdığı investisiyaların əhəmiyyətinə diqqət çəkərək, xüsusilə ölkənin aşağı gəlirli bölgələrində türk şirkətlərinin yaratdığı iş yerlərinin sosial-iqtisadi inkişafa töhfə verdiyini vurğulayıb.

Serbiya Prezidenti Ərdoğanın ölkəsinə planlaşdırılan səfərinin ən böyük səfərlərdən biri olacağını ümid etdiyini bildirib. O, Kralyevo, Sandjak bölgəsi, Novi Pazar və Yarinje ilə bağlı nəqliyyat və infrastruktur layihələrinin həyata keçiriləcəyini qeyd edib.

Vuçiç türk şirkətlərinin Belqrad–Niş dəmir yolu layihəsi də daxil olmaqla bir sıra iri infrastruktur layihələrində iştirak etdiyini, həmçinin Sofiya–Budapeşt əlaqə layihəsi üzrə tenderi qazandıqlarını açıqlayıb. Onun sözlərinə görə, bu layihələr biznes dairələri və turistlər üçün mühüm əhəmiyyət daşıyır və xüsusilə İstanbul üzərindən region ölkələri arasında əlaqələri gücləndirəcək.

Vuçiç bildirib ki, Serbiya türk şirkətlərinin ölkədə özlərini təhlükəsiz hiss etmələrini istəyir və bunun üçün zəruri şərait yaradılacaq.

O, Türkiyənin 2027-ci ildə Serbiyada keçiriləcək EXPO sərgisində iştirakını yüksək qiymətləndirərək, bu qərara görə Türkiyə rəhbərliyinə təşəkkür edib. Vuçiç Ərdoğanın Serbiyaya səfəri çərçivəsində Belqrada və Sandjak bölgəsinə baş çəkə biləcəyini və burada həyata keçirilən layihələrlə tanış olacağını qeyd edib.

Serbiya Prezidenti həmçinin Ərdoğanın Balkan Sülh Platforması təşəbbüsünü dəstəklədiyini bildirib. O, Balkanlarda xalqların bir araya gəlməsinin və sülhün möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Vuçiç qeyd edib ki, tərəflər Qərbi Balkanlardakı məsələlər, eləcə də hərbi-texniki əməkdaşlıq və ordular arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq regionda sülhün qorunmasına və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.

Sonda Vuçiç Türkiyədə göstərilən qonaqpərvərliyə görə Prezident Ərdoğana təşəkkür edib və Serbiyada da eyni münasibəti göstərməyə çalışacaqlarını bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki