“Bu, layihəyə olan tələbatın və marağın yüksək olduğunu göstərir. Regionlarda layihənin tətbiqi növbəti mərhələlərdə nəzərdə tutulub. Hazırda layihənin icrası Bakı şəhərinin mərkəzi və mərkəzə yaxın ərazilərdə yerləşən məktəblərdə həyata keçirilir. Məqsədimiz paytaxtda layihəni tam şəkildə tətbiq etdikdən və bütün prosesləri optimallaşdırdıqdan sonra tədricən digər şəhər və rayonları da əhatə etməkdir”.
İcraçı direktor şagird daşımalarında istifadə ediləcək maşınların markalarını da qeyd edib:
“Hazırda şagirdlərin təhlükəsiz və rahat daşınması üçün müasir standartlara cavab verən “Mercedes Vito”, “Mercedes Sprinter”, Toyota Hiace” və “Hyundai H1” markalı avtobuslardan istifadə olunur. Gələcəkdə, xüsusilə, avtobus zolaqlarına çıxış əldə etdikdən sonra, daha böyük tutumlu və yeni markalı avtobusların da layihəyə cəlb olunması istisna edilmir. Bu, daha çox şagirdə xidmət göstərməyə və səmərəliliyi artırmağa imkan yaradacaq”.

M.Hüseynov vurğulayıb ki, xidmət göstərilən dövlət məktəblərində təhsil alan şagirdlərin valideynləri üçün 30% endirim tətbiq olunur:
“Xidmətin qiyməti marşrutun məsafəsindən, eləcə də istiqamətin sayından (bir və ya iki tərəfli) asılı olaraq dəyişir. Xidmət haqqını valideynlər ödəyir. Sosial məsuliyyət çərçivəsində, layihə dövlət məktəblərində təhsil alan şagirdlər üçün xüsusi imtiyazlar və endirimli qiymətlər təqdim edir. Hazırda xidmət göstərdiyimiz dövlət məktəblərində təhsil alan şagirdlərin valideynləri üçün 30% endirim tətbiq olunur.
Bundan əlavə, eyni ailədən olan ikinci və üçüncü uşaq üçün əlavə 30% endirim nəzərdə tutulur. Gələcəkdə nəqliyyat vasitələrimizin avtobus zolaqlarına inteqrasiyası ilə, həm özəl, həm də dövlət məktəblərinə xidmət göstərən marşrutları birləşdirərək layihənin əlçatanlığını və səmərəliliyini artırmağı planlaşdırırıq”.
Xatırladaq ki, oktyabrın 1-dən Bakıda pilot mərhələdə “Məktəbli avtobusları” layihəsinə start verilib. Layihə ilkin olaraq 8 dövlət və 3 özəl məktəb olmaqla 11 təhsil müəssisəsini əhatə edir.





















