Tarixdə elə insanlar olub ki, onların həyatı roman süjetini xatırladır. Belə şəxslərdən biri də Yaponiya həbsxanalarının ən məşhur məhbusu, “Qaçış Sehrbazı” ləqəbi ilə tanınan Yoşi Şiratoridir.
Yoşi Şiratori 1907-ci ildə Yaponiyada anadan olub. Gənclik illərində balıqçılıq və kömür mədənlərində çalışıb. Ağır əmək onun bədənini dözümlü, xarakterini isə möhkəm etmişdi. O, peşəkar cinayətkar deyildi. Yoxsulluq içində yaşayan Şiratori bəzən xırda oğurluqlara və qanunsuz qumar oyunlarına qarışırdı.
1936-cı ildə Aomori şəhərində bir mağaza qarət edildi və mağaza sahibi öldürüldü. Polis hadisəni tez bir zamanda bağlamaq üçün keçmişi problemli olan Şiratorini həbs etdi. İstintaq zamanı ona ağır işgəncələr verildi, günlərlə yuxusuz saxlanıldı və nəticədə etmədiyini iddia etdiyi cinayəti etiraf etməyə məcbur edildi.
Məhkəmə onu 20 il həbs cəzasına məhkum etdi.
Şiratori Aomori həbsxanasına göndərildi. Burada o, daim döyülür, alçaldılır və ağır şəraitdə saxlanılırdı. Lakin o, aylarla mühafizəçilərin iş rejimini izləyərək zəif nöqtələri müəyyənləşdirdi.
Bir gün səhər növbə dəyişən zaman yaranan qısa qarışıqlıqdan istifadə edərək su vedrəsinin tutacağından çıxardığı nazik məftillə qapının qıfılını açdı. Sonra yatağında hələ də yatdığı təəssüratı yaratmaq üçün yorğan altında saxta insan fiquru düzəltdi və dörd polad qapını keçərək həbsxanadan qaçdı.
Onun yoxa çıxdığını yalnız saatlar sonra aşkar etdilər.
Lakin azadlıq uzun çəkmədi. Üç gün sonra yaralarını müalicə etmək üçün dərman oğurlamağa çalışarkən yenidən yaxalandı.
İlk qaçışdan sonra Şiratori artıq adi məhbus sayılmırdı. Ona ömürlük həbs cəzası verildi və daha sərt rejimli Akita həbsxanasına köçürüldü.
Buradakı kamera xüsusi olaraq qaçmağa meylli məhbuslar üçün hazırlanmışdı. Divarlar hamar mis lövhələrlə örtülmüşdü, əlləri isə daim qandallı saxlanılırdı.
Lakin Şiratori qandallardan azad olmağın yolunu tapdı. Hər gecə kameranın yuxarı hissəsində yerləşən kiçik pəncərənin çürümüş taxta çərçivəsini millimetr-millimetr aşındırdı. Aylarla davam edən səbrli əməyin nəticəsində pəncərəni açmağa nail oldu.
1942-ci ildə fırtınalı bir gecədə ikinci dəfə həbsxanadan qaçdı.
Üç ay sonra isə ona yaxşı münasibət göstərən yeganə mühafizəçi Kobayaşinin evinə gəldi. Şiratori işgəncələrdən qaçdığını, təslim olmaq istədiyini bildirdi. Lakin Kobayaşi polisi xəbərdar etdi və Şiratori yenidən həbs edildi.
Bu dəfə onu Yaponiyanın ən sərt həbsxanalarından biri olan Hokkaydodakı Abaşiri həbsxanasına göndərdilər.
Burada temperatur qış aylarında mənfi 30 dərəcəyə qədər düşürdü. Şiratori ağır polad qandallarla zəncirlənmiş, xüsusi hazırlanmış kamerada saxlanılırdı.
Lakin o, yenə də çıxış yolu tapdı.
Məhbus hər gün verilən miso şorbasının duzundan istifadə edərək aylarla qandalların və metal hissələrin üzərinə duzlu maye tökürdü. Nəhayət, pas metalların möhkəmliyini zəiflətdi. Altı aylıq gizli işdən sonra o, qandalları açdı və kameranın ventilyasiya hissəsindən keçərək həbsxanadan qaçdı.
Beləliklə, Şiratori Abaşiri həbsxanasından qaçan ilk insan oldu.
Qaçışdan sonra o, Hokkaydo dağlarında yerləşən tərk edilmiş bir mədəndə gizləndi. Təxminən iki il burada yaşadı. Vəhşi heyvanlar ovladı, meyvələrlə qidalandı və tam tənhalıq içində həyat sürdü.
1945-ci ildə müharibənin başa çatdığını və Yaponiyanın dəyişdiyini öyrənən Şiratori yenidən insanların arasına qayıtmağa qərar verdi.
Lakin aclıq üzündən bir fermaya daxil oldu və orada baş verən dava zamanı təsərrüfat sahibinin ölümünə səbəb oldu. Şiratori bunun özünümüdafiə olduğunu desə də, həbs edildi və bu dəfə ölüm cəzasına məhkum olundu.
Sapporo həbsxanasında saxlanılan Şiratori üçün daha sərt şərait yaradılmışdı. Pəncərələr kiçildilmiş, qapılar möhkəmləndirilmişdi.
Mühafizəçilər onun əvvəlki qaçışlarının hamısının yuxarı hissələrdən həyata keçirildiyini bildikləri üçün daim tavana və pəncərələrə nəzarət edirdilər.
Lakin bu dəfə Şiratori tamamilə fərqli yol seçdi.
O, yemək qabından alət kimi istifadə edərək yatağının altındakı taxta döşəməni qazmağa başladı. Bir aydan çox davam edən işdən sonra tunel açdı və yatağında yenə də saxta insan fiquru qoyaraq dördüncü dəfə həbsxanadan qaçdı.
Bu hadisə artıq bütün Yaponiyada böyük səs-küy yaratdı.
1948-ci ildə uzun illərin qaçışı, işgəncələr və ağır həyat Şiratorini fiziki cəhətdən tükəndirmişdi.
Bir gün Sapporo şəhərində yol kənarında oturarkən bir polis əməkdaşı onunla söhbət etməyə başladı. Polis Şiratorinin kim olduğunu bilmirdi. O, sadəcə ona hörmətlə yanaşdı və bir siqaret təklif etdi.
İllərlə alçaldılma və zorakılıq görmüş Şiratori üçün bu sadə insan münasibəti gözlənilməz idi.
Nəhayət, o, göz yaşları içində özünü təqdim etdi:
— Mən Yoşi Şiratoriyəm. Dörd dəfə həbsxanadan qaçmış adam.
Bu dəfə onu heç kim tutmadı. O, öz istəyi ilə təslim oldu.
Məhkəmə sonradan yenidən araşdırma apararaq fermerin ölümünün özünümüdafiə nəticəsində baş verməsi ehtimalını nəzərə aldı. Ölüm hökmü ləğv edildi və Şiratori 20 il həbs cəzası aldı.
Bu dəfə o, daha isti bölgədə yerləşən Tokio həbsxanasına köçürüldü. Burada ona işgəncə verilmədi və insan kimi davranıldı.
Nəticədə qaçmaq üçün səbəbi də qalmadı.
1961-ci ildə nümunəvi davranışına görə azadlığa buraxıldı.
Şiratori doğma Aomoriyə qayıtdı, qızı ilə yenidən görüşdü və həyatının qalan hissəsini azad insan kimi yaşadı.
1979-cu ildə vəfat edən Yoşi Şiratori bu gün Yaponiya tarixində ən məşhur məhbuslardan biri hesab olunur. Onun adı hətta Abaşiri Həbsxana Muzeyində də yaşadılır.
Tarix onu bir cinayətkardan çox, qeyri-adi iradəyə, səbrə və yaşamaq əzminə sahib insan kimi xatırlayır. Buna görə də Yoşi Şiratori bu gün də Yaponiyada “Qaçış Sehrbazı” kimi tanınır.
Qoşqar Salmanlı





















