2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başa çatması ilə diqqətlər universitetlərin qəbul planına yönəlib. Bu il ali məktəblərin ayrılmış plan yerlərini tam doldurub-doldura bilməyəcəyi, xüsusilə bəzi ixtisaslar üzrə boş qalan yerlərin olub-olmayacağı təhsil ictimaiyyətində geniş müzakirə olunur.
Təhsil eksperti İlqar Orucun açıqlamasına görə, mövcud statistik göstəricilər və abituriyentlərin üstünlük tendensiyaları təsdiq edir ki, ali məktəblərin qəbul planının tam, yəni 100% mənimsənilməsi qeyri-realdır. Lakin ümumi qəbul planının səviyyəsinin 94-96% təşkil edəcəyi proqnozlaşdırılır:
“Planın yüz faiz dolmamasına təsir göstərən bir neçə institusional və sosial-iqtisadi amil mövcuddur. Düşünürəm ki, birinci səbəb minimal keçid balları və müsabiqə məhdudiyyətləri ilə bağlıdır. Belə ki, DİM tərəfindən tətbiq edilən ümumi keçid balları (məsələn, müəyyən ixtisaslar üzrə 200 və ya 150 bal baryeri) və II mərhələdə ayrıca fənlər və ya ixtisas qrupları üzrə qoyulan alt limitlər (məsələn, bəzi ixtisaslarda blok fənnindən minimal 100 bal şərti) abituriyentlərin mütləq sayının yerləşdirmə prosesində iştirakını məhdudlaşdırır.
İkinci səbəb coğrafi və regional disbalansla əlaqədardır. Paytaxt Bakıda yerləşən ali təhsil müəssisələrinə (BDU, UNEC, ADA, BMU və s.) tələbat maksimal həddə olduğu üçün buradakı yerlər tamamilə dolur. Lakin regionlardakı infrastruktur və məşğulluq imkanlarının məhdudluğu ucbatından regional universitetlərin ödənişli yerlərində müəyyən boşluqlar qalır.
Üçüncü faktor maliyyə əlçatanlığı və ixtisas uyğunsuzluğundan irəli gəlir. Ödənişli əsaslarla ayrılmış yerlərin illik təhsil haqlarının ailə büdcələrinə uyğun gəlməməsi və ya abituriyentlərin yalnız dövlət sifarişli (pulsuz) yerlərə fokuslanması bir çox ödənişli yerlərin boş qalmasına rəvan açır”.

Ekspert qeyd edib ki, son üç-dörd ilin qəbul statistikasına nəzər salsaq, ali təhsil müəssisələrinin qəbul planının mənimsənilmə faizinin sabit olaraq 93.94% ilə 96.27% arasında dəyişdiyini görərik:
“Məsələn, ötən illərdə 50 mindən çox abituriyent tələbə adını qazandığı halda, ümumi bakalavriat plan yerlərinin cəmi 4-5%-i boş qalmışdı. Bu il isə doluluq səviyyəsinin son illərin ən yüksək göstəricisinə (təxminən 96%) çatacağı gözlənilir. Bu nikbin proqnozun arxasında bir neçə əsas faktor dayanır. Birinci faktor dövlət sifarişli yerlərin payının artması ilə bağlıdır. Hökumətin strateji qərarlarına əsasən, qəbul planında dövlət hesabına oxuyacaq tələbələrin sayının hər il təxminən 8-9% artırılması abituriyentlərin universitetlərə sənəd vermə stimulunu kəskin artırıb.
İkinci faktor Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan qaynaqlanır. Maddi imkanları məhdud olan, lakin balı ödənişli yerə çatan tələbələrə verilən uzunmüddətli və güzəştli kreditlər ödənişli yerlərin də ötən illərə nisbətən daha yüksək faizlə dolmasına birbaşa rəvac verir. Növbəti faktor yeni universitetlərin yaratdığı imkanlara bağlıdır. Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universiteti və yeni yaradılan Türkiyə-Azərbaycan Universiteti kimi strateji layihələr ali təhsil sahəsinə əlavə axın gətirib və bu da ümumi mənimsənilmə faizini yuxarı çəkir”.
İlqar Oruc bildirib ki, əmək bazarının sürətli transformasiyası və abituriyentlərin gələcəyin peşələrinə yönəlməsi bəzi ixtisasların populyarlığını minimuma endirib:
“Cari ildə plan yerlərinin boş qalma ehtimalı ən yüksək olan sahələr və qruplar barədə artıq danışmaq imkanımız düşünürəm ki, var. Xüsusilə olan regional ali məktəblərdə yerləşən və I qrupa daxil materialşünaslıq mühəndisliyi, nəqliyyat tikintisi mühəndisliyi, metallurgiya mühəndisliyi və meliorasiya mühəndisliyi kimi sahələrdə yerlərin boş qalma riski yüksəkdir. Abituriyentlərin bu sahələrdə gələcəkdə asan iş tapacağına və ya yüksək maaş alacağına inanmaması əsas səbəblərdir. Eyni zamanda II qrupda ödənişli əsaslarla tədrisi ingilis dilində olan iqtisadiyyat sahələri – beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi və iqtisadiyyat ixtisaslarının ödənişli bölmələri də bura aid edilə bilər. Çünki həm ingilis dili baryerinin olması, həm də bu ixtisasların illik təhsil haqlarının digər sahələrlə müqayisədə xeyli yüksək müəyyənləşdirilməsi fikrimcə, maneə kimi özünü göstərəcək.
III qrup üzrə sırf ödənişli pedaqoji və regional humanitar ixtisaslarda – tarix-coğrafiya müəllimliyi, muzeyşünaslıq və ya arxiv işi kimi sahələrin ödənişli yerlərinə plan yerlərinin boş qalma ehtimalı var. Səbəb olaraq pedaqoji fəaliyyət arzulayan gənclərin mütləq şəkildə ödənişsiz yerləri hədəfləməsi və regionlarda bu sahələr üzrə əlavə maliyyə yükü altına girmək istəməməsi ola bilər”.

Ekspertin sözlərinə görə, universitetlərin mülkiyyət forması qəbul kampaniyasında hələ də həlledici rol oynayır. Bu baxımdan, dövlət və özəl sektor arasında doluluq səviyyəsinə görə kəskin qütbləşmə davam edəcək:
“Ölkənin aparıcı dövlət ali məktəblərində (UNEC, BDU, ADA, BANM, ADNSU) demək olar ki, boş yer qalmayacaq. Dövlət sifarişli plan yerlərinin böyük əksəriyyəti bu müəssisələrin payına düşür. Abituriyentlər üçün dövlət universitetinin nüfuzu, maddi-texniki bazası və xüsusilə dövlət statuslu diplom amili hələ də 1-ci dərəcəli prioritetdir. Fikrimcə, bir neçə yüksək reytinqli və beynəlxalq əlaqələri olan özəl universitet istisna olmaqla, əksər özəl ali təhsil müəssisələrində xüsusilə II və III qrupun ödənişli yerləri ciddi şəkildə boş qalacaq. Bunun əsas səbəbi rəqabətdir: abituriyent eyni təhsil haqqını ödəməli olduqda, özəl universitet yerinə dövlət universitetinin ödənişli bölməsini seçməyə üstünlük verir. Bu da özəl sektorun qəbul planının tam dolmasına mane olur. İmtahan nəticələrinin keyfiyyəti və abituriyentlərin ümumi bal dinamikası qəbul planının dolmasında tənzimləyici mexanizm rolunu oynayır. Bu asılılıq iki istiqamətdə özünü büruzə verir.
Birinci yüksək bal dinamikasının təsiridir ki, bu müsbət mənada dəyərləndirilməlidir. Belə ki, cari ilin imtahanlarında (xüsusilə II mərhələ blok imtahanlarında) abituriyentlərin topladıqları balların ümumi səviyyəsi yüksək olarsa, bu, ixtisaslar üzrə keçid ballarının süni şəkildə formalaşmış rəqabət hesabına qalxmasına gətirib çıxaracaq. Yüksək ballı abituriyentlərin çoxluğu rəqabəti gücləndirir və nəticədə həm dövlət sifarişli, həm də ödənişli yerlər tamamilə və sürətlə mənimsənilir.
İkincisi, aşağı bal dinamikasının təsiridir və bu da mənfi təsir kimi qiymətləndirərdim. Belə ki, imtahan suallarının nisbətən çətin olması və ya abituriyentlərin ümumi hazırlıq səviyyəsinin aşağı düşməsi toplana biləcək balları aşağı salır. Bu zaman keçid balları ensə də, ən böyük problem müsabiqə şərtini (məsələn, minimal 150 və ya 200 balı) keçən abituriyentlərin ümumi sayının azalmasıdır. Əgər hər hansı bir qrupda müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ümumi sayı həmin qrup üçün ayrılmış plan yerlərinin sayından az olarsa, universitetlərin qəbul planının boş qalması qaçılmaz hüquqi və statistik reallığa çevrilir.
Ümumilikdə Azərbaycanda ali təhsil müəssisələrinə qəbul planının optimallaşdırılması dövlətin əsas hədəflərindən biridir. Plan yerlərinin boş qalmaması üçün təhsil rəsmiləri əmək bazarının real tələblərini nəzərə almalı, az populyar ixtisasların yerini müasir İKT, data analitikası və rəqəmsal mühəndislik sahələri ilə əvəzləməlidirlər. Builki qəbul kampaniyası ölkədə ali təhsilə əlçatanlığın artdığını, lakin regional və ixtisaslararası disbalansın aradan qaldırılması üçün hələ də ciddi addımların atılmalı olduğunu göstərir”.Musavat.com





















