Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də prezident seçkiləri və referendumun keçirilməsi planını elan etməyi nəzərdən keçirir. Bu barədə Financial Times nəşri planlaşdırma prosesində iştirak edən ukraynalı və avropalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və Ukrayna nümayəndələri arasında müzakirə olunan çərçivəyə əsasən, mümkün sülh sazişi referendum vasitəsilə ümumxalq səsverməsinə çıxarıla bilər. Reuters yazır ki, ukraynalı seçicilər həm sülh razılaşmasına münasibət bildirmək, həm də milli seçkilərdə iştirak etmək üçün eyni vaxtda səs verə bilərlər.
Rəsmilər seçkilər və referendumun artıq may ayında keçirilə biləcəyini müzakirə ediblər. Bildirilir ki, Ukrayna hakimiyyəti Rusiya ilə perspektiv sülh razılaşması üzrə referendumla paralel şəkildə prezident seçkilərinə hazırlıq prosesinə başlayıb.
Seçkilərlə bağlı digər açıqlamalar
Bundan əvvəl yayılan məlumatlara əsasən, Ukraynada yalnız hər on nəfərdən biri atəşkəs elan edilməmişdən əvvəl seçkilərin keçirilməsini dəstəkləyir. Qeyd olunur ki, atəşkəsin təmin olunacağı və təhlükəsizlik zəmanətlərinin veriləcəyi təqdirdə respondentlərin 23 faizi seçkilərin keçirilməsinin tərəfdarıdır.
Ukrayna parlamentində hakim fraksiyanın rəhbəri David Araxamiya isə bildirib ki, prezident seçkiləri və referendum eyni vaxtda keçirilə bilər. Onun sözlərinə görə, bunun üçün əsas şərt sülh planının bütün tərəflər tərəfindən razılaşdırılmasıdır.





















