ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfəri Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni və daha fəal mərhələyə keçdiyini nümayiş etdirir. Səfər təkcə diplomatik jest kimi deyil, regionda geosiyasi və iqtisadi balansın dəyişdirilməsinə yönəlmiş strateji addım kimi qiymətləndirilir.
İqtisad üzrə fəlsəfə doktoru, ekspert Arzuman Muradlının sözlərinə görə, bu səfər çətin iqtisadi vəziyyətlə üz-üzə qalan Ermənistan üçün yeni imkanlar vəd edir.
“ABŞ-ın regiondakı maraqları yalnız siyasi çərçivə ilə məhdudlaşmır, iqtisadi və texnoloji amillər burada əsas rol oynayır. Vensin səfəri zamanı ABŞ şirkətlərinin nümayəndələrinin həm Ermənistanda, həm də Azərbaycanda təmsil olunması bunu bir daha təsdiqləyir.”- deyə Arzuman Muradlı bildirib.
Ekspert vurğulayır ki, səfər yalnız Azərbaycanla sülh prosesinə və seçkilər ərəfəsində olan Paşinyan hakimiyyətinə siyasi dəstək məqsədi daşımır.
“Bu, eyni zamanda iqtisadi kapitalın cəlb edilməsi, enerji sektorunda əməkdaşlıq və hərbi-texnoloji tərəfdaşlıq elementlərini özündə birləşdirən kompleks paketdir. ABŞ tarixində ilk dəfə fəaliyyətdə olan vitse-prezidentin İrəvana səfəri sırf simvolik addım kimi qiymətləndirilə bilməz. Bu hadisə Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırılması və geosiyasi kursunun Qərbə doğru istiqamətləndirilməsi cəhdi kimi dəyərləndirilir. İmzalanan sənədlər və verilən bəyanatlar da bu qənaəti gücləndirir. Səfərin rəsmi nəticələrindən biri ABŞ və Ermənistan arasında nüvə enerjisinin sülh məqsədli istifadəsinə dair birgə bəyanatın imzalanması oldu. Rəsmi Vaşinqton bu addımı enerji təhlükəsizliyi kontekstində təqdim etsə də, sənədin əsas mahiyyəti Ermənistanın enerji sektorunun Qərb texnologiyalarına açılması və Rusiyadan asılılığın mərhələli şəkildə azaldılmasıdır. Razılaşmaya əsasən, ABŞ şirkətlərinin Ermənistanın enerji bazarına institusional daxil olması təmin edilir və kiçik modul reaktorlar (SMR) da daxil olmaqla müasir sivil nüvə texnologiyalarının tətbiqi gündəliyə gətirilir. Beləliklə, enerji məsələsi artıq yalnız texniki deyil, həm də açıq şəkildə geosiyasi xarakter alır.”- deyə Arzuman Muradlı əlavə edib.
İqtisadçı alim bildirib ki, hazırda Ermənistanın əsas enerji mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası Rusiya şirkətləri tərəfindən idarə olunur və uzunmüddətli müqavilə qüvvədədir.
“Bu baxımdan İrəvanda imzalanan sənədin Moskvanın maraqlarına zidd olduğu ehtimal edilir. Ekspertlərin fikrincə, səfərdən sonra rəsmi İrəvanın Kreml qarşısında müəyyən izahatlar verməsi qaçılmaz ola bilər.Səfər zamanı diqqət çəkən digər mühüm məqam isə TRIPP fondu vasitəsilə Ermənistana yönəldiləcək investisiya planı oldu. Vitse-prezidentin açıqlamasına görə, bu mexanizm çərçivəsində Ermənistana ümumilikdə 9 milyard dollar həcmində özəl kapitalın cəlb olunması nəzərdə tutulur.İnvestisiya paketi iki mərhələdə həyata keçiriləcək: ilk mərhələdə 5 milyard dollar, ikinci mərhələdə isə əlavə 4 milyard dollar maliyyə qoyuluşu planlaşdırılır. Məqsəd Ermənistanı regionda iqtisadi inkişaf üçün mühüm platformaya çevirməkdir.Bu ifadə Ermənistanın ABŞ üçün regional iqtisadi dayağa və alternativ əməkdaşlıq mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Beləliklə, Vensin səfəri təkcə diplomatik hadisə deyil, Cənubi Qafqazın geosiyasi və iqtisadi arxitekturasında mümkün dəyişikliklərin başlanğıcı kimi də dəyərləndirilə bilər.”- deyə Arzuman Muradlı bildirib.






















