image-1backend

Ali məktəblərdən qovulan tələbələrin ilginc statistikası

image-ads-728x90

Ekspert: “Maddi problemlərlə qarşılaşan tələbələr universitet daxilində işə cəlb olunmalıdır”

Zaman-zaman ali təhsil müəssisələrindən tələbələrin qovulması məsələsi gündəmə gəlir. Bu bir sıra narazılıqlara səbəb olur. Əsas narazılıq isə universitetlərdən qovulanlar arasında təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı olur. 2025-ci ildə Azərbaycanda 12,969 tələbə təhsil haqqı ödəmədiyinə görə universitetlərdən xaric edilib. Bu, Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi məlumatlarda yer alıb.

Həmçinin akademik borca görə 938, başqa ali təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar isə 926 tələbənin oxuduqları universiteti tərk etdiyi bildirilir. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 115 olub.

Təəssüf ki, Azərbaycanda ali təhsil müəssisələrində tələbələrin təhsildən xaric edilmə halları artan dinamikada davam edir. Bu, ölkədə təhsil sistemindəki mövcud problemlərin daha dərindən təhlil olunmasını tələb edir. Tələbələrin universitetlərdən xaric edilməsinin müxtəlif səbəbləri olsa da, əsasən maddi çətinliklər, akademik göstəricilər, şəxsi qərarlar və xaricə təhsil üçün müraciət əsas amillər kimi ön plana çıxır. Bu hallar təhsil sisteminin struktur məsələlərinə, sosial-iqtisadi vəziyyətə və tələbələrin fərdi vəziyyətlərinə əsaslanır. Tələbələrin universitetlərdən xaric edilməsinin qarşısını almaq üçün yalnız qanunvericilik deyil, həm də sosial, iqtisadi və psixoloji faktorlar nəzərə alınmalıdır. Təhsil sistemi tələbələrin inkişafı üçün hərtərəfli dəstək mexanizmi yaratmalı, onların maddi və akademik çətinlikləri ilə mübarizə aparmaq üçün effektiv alətlər təqdim etməlidir. Bu, yalnız fərdi tələbələr üçün deyil, həm də ölkənin ümumi inkişafı üçün vacibdir.

Universitetlər tələbələri xaric etməzdən əvvəl hansı alternativ həll yollarını tətbiq edə bilərlər? Dünyanın inkişaf etmiş ölkələrində bu problem necə həll olunur və Azərbaycan hansı təcrübələrdən yararlana bilər?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov məsələnin əsl mahiyyəti ilə bağlı danışıb. Onun sözlərinə görə, ali təhsil müəssisələrindən tələbələrin maddi və ya akademik səbəblərə görə xaric edilməsi bütövlükdə cəmiyyət üçün ciddi məsələdir: “Universitetlərin inzibati cəza mexanizmlərindən əvvəl preventiv və dəstəkləyici alətlərə keçməsi bu mənfi statistikanı kəskin şəkildə azalda bilər.

Universitetlərin tətbiq edə biləcəyi və faydalı olacaq alternativ həll yollarından biri daxili təqaüdlər və qrantlardır. Maddi vəziyyəti pisləşən uğurlu tələbələrin universitetdaxili fondlar hesabına birdəfəlik və ya semestr boyu davam edən qrantlarla təmin edilməsi vacibdir. Həmçinin tələbələrin universitet daxilində (kitabxana, laboratoriya, inzibati işlər və s.) saathesabı ödənişli işlə təmin olunması onlara ciddi sosial-maddi dəstək ola bilər. Digər bir addım isə təhsil haqqının semestr qəlibindən çıxarılaraq, tələbənin ailəsinin gəlir qrafikinə uyğun şəkildə aylıq və ya hissə-hissə ödənilməsi imkanının yaradılmasıdır. Bununla yanaşı, zəif nəticə göstərən tələbələrin risk qrupuna salınaraq vaxtında reabilitasiyaya cəlb edilməsi, onlara yuxarı kurslar və ya müəllimlər tərəfindən ödənişsiz akademik dəstəyin göstərilməsi vacibdir. Maddi və ya psixoloji problemlərlə qarşılaşan tələbələrə universitetdən xaric edilmədən müvəqqəti fasilə (akademik məzuniyyət) hüququ da verilməlidir”.

Ekspert əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələri tələbələrin universitetdə qalmasını təmin etmək üçün müxtəlif maliyyə və akademik modellər tətbiq edirlər: “Məsələn, ABŞ və Böyük Britaniyada gəlirə görə ödəniş sistemi geniş yayılıb. Tələbə oxuduğu müddətdə təhsil haqqı ödəmir, məzun olduqdan sonra işə düzəlir və gəliri müəyyən bir həddi keçdikdə maaşının kiçik bir faizini universitetə geri qaytarır. Azərbaycandakı Təhsil Tələbə Krediti Fondunun şərtləri də yerli reallıqlar nəzərə alınaraq daha da humanistləşdirilə bilər. Almaniyada dövlət universitetləri həm yerli, həm də xarici tələbələr üçün tamamilə pulsuzdur. Orada tələbələrin yaşayış xərcləri üçün xüsusi regional təşkilatlar fəaliyyət göstərir, ucuz yataqxanalar və nəqliyyat kartları təklif olunur. Azərbaycanda bunun tətbiqi üçün universitetlərin nəzdində müstəqil sosial fondlar yaradıla bilər. Digər bir nümunə olan Sinqapur modelində dövlət təhsil haqqının böyük hissəsini qarşılayır, tələbə isə məzun olduqdan sonra ölkə daxilində çalışmaq öhdəliyi götürür. Bunu Azərbaycanda xüsusən regionlarda kadr çatışmazlığı olan sahələrə investisiya modeli kimi tətbiq etmək olar.

Tələbələrin kütləvi şəkildə xaric edilməsi təhsil sisteminin rentabelliyini azaldır və gənclər arasında sosial ümidsizlik yaradır. Azərbaycan ali təhsil müəssisələri cəzayönümlü yanaşmadan maliyyə və akademik reabilitasiya modelinə keçməlidir. Tələbəyə sadəcə statistik göstərici kimi deyil, bir insan kapitalı və gələcəyin vətəndaşı kimi baxaraq bu humanist yanaşmaları tətbiq etmək həm universitetlərin maliyyə dayanıqlığını qoruyacaq, həm də ölkənin insan potensialını daha düzgün idarə etməyə imkan verəcək”.“Yeni Müsavat”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki