Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya, Belarus, Qazaxıstan və Özbəkistandan olan 30-dan çox turizm şirkəti nümayəndəsinin iştirakı ilə Azərbaycana sağlamlıq turizmi üzrə tanışlıq səfəri təşkil olunub.
Səfərin məqsədi Azərbaycanın tibbi və sağlam yaşam turizmi potensialının xarici bazarlarda tanıdılması, bu sahədə təqdim olunan xidmətlərin beynəlxalq turizm sənayesi nümayəndələrinə nümayiş etdirilməsi və turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub.
Proqram çərçivəsində iştirakçılar Bakı, Lənkəran, Naftalan, Şəki və Qəbələ şəhərlərinə səfər edərək regionların sağlamlıq turizmi infrastrukturu və turizm məhsulları ilə tanış olublar. Nümayəndə heyəti üçün hotellərə, istirahət komplekslərinə, spa və sağlamlıq mərkəzlərinə baxışlar təşkil edilib, burada təqdim olunan xidmətlər və xarici turistlər üçün nəzərdə tutulan imkanlar barədə məlumat verilib.
Səfər proqramında Naftalan şəhərinə xüsusi yer ayrılıb. İştirakçılar şəhərin müalicəvi nefti əsasında təqdim olunan ixtisaslaşmış sağlamlıq xidmətləri və müalicə üsulları ilə tanış olublar. Bakı şəhərində yerləşən “Sea Breeze Resort” kompleksinə baxış zamanı isə nümayəndə heyətinə sahilyanı istirahət və qonaqpərvərlik infrastrukturu təqdim edilib.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın sağlamlıq və istirahət imkanları ilə yanaşı, müxtəlif regionların mədəni irsi, təbii turizm resursları və yerli qonaqpərvərlik ənənələri barədə də məlumat əldə ediblər.
Nümayəndə heyəti, həmçinin Bakıda keçirilən Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib. Konfrans çərçivəsində Azərbaycanın turizm sənayesi təmsilçiləri ilə keçirilən B2B görüşlərdə yeni işgüzar əlaqələrin qurulması, əməkdaşlığın inkişafı və sağlamlıq turizmi məhsullarının xarici bazarlarda təşviqi məsələləri müzakirə olunub.
Tanışlıq səfəri Azərbaycanın sağlamlıq turizmi imkanlarının xarici turizm şirkətlərinə təqdim edilməsinə, ölkənin bu sahədə beynəlxalq bazarlarda tanıdılmasına və gələcək əməkdaşlıq əlaqələrinin inkişafına yönəlib.





















