Daha bir təqvim ili arxada qaldı. Lakin geridə qalan təkcə günlər və aylar deyil, bir çox insan üçün yeni ilin ilk günləri ilə üzə çıxan artıq çəki problemi dədir. Demək olar ki, hər il eyni mənzərə təkrarlanır: uzun müddət davam edən bayram tətili, hərəkətsiz həyat tərzi, gec saatlara qədər davam edən süfrələr, bol yağlı, şirin və yüksək kalorili yeməklər nəticə etibarilə orqanizmdə əlavə piy toxumasının yığılmasına səbəb olur. Bu proses təkcə estetik narahatlıq yaratmır, eyni zamanda sağlamlıq baxımından da ciddi risklər formalaşdırır.
Bayram günlərində insan psixologiyası da fərqli rejimə köklənir. “İldə bir dəfədir”, “bayramdır, nə olar”, “sonra arıqlayaram” kimi düşüncələr nəzarətsiz qidalanmanı təşviq edir. Oturaq həyat tərzi isə bu prosesi daha da sürətləndirir. Nəticədə çəki artımı bəzən 2-5 kilo, hətta daha artıq ola bilir. Ən təhlükəli məqam isə odur ki, bu kiloların böyük hissəsi qısa müddətdə deyil, aylarla bədəndə qalır və tədricən xroniki piylənmənin təməlini qoyur.
Bəs bayramda yığılmış arzuolunmaz kilolardan sağlam və davamlı şəkildə necə qurtulmaq olar? Çəkini normaya salmaq üçün hansı addımlar atılmalıdır və ən əsası, bu prosesi necə nəzarətdə saxlamaq olar?
Mövzu ilə bağlı həkim-dietoloq Ləman Süleymanova danışıb:
“Azərbaycan xalqı olaraq biz bayramları çox sevirik. Bayram mədəniyyətimiz zəngindir, süfrələrimiz bol, adət-ənənələrimiz isə rəngarəngdir. Xüsusilə Novruz bayramı xalqımız üçün təkcə təqvim hadisəsi deyil, həm də milli kimliyin, birlik və bərəkətin rəmzidir. Novruzu digərlərindən daha çox sevirik və bu sevgini hazırlıq mərhələsindən etibarən açıq şəkildə göstəririk. Bayrama hələ bir ay qalmış evlərdə təmizlik işləri görülür, səməni cücərdilir, çərşənbələr qeyd olunur.
Hər çərşənbədə süfrələrimiz mütləq şəkildə müxtəlif şirniyyatlarla, qoğal, şəkərbura, paxlava və digər yüksək kalorili təamlardan ibarət olur. Bu isə təbii olaraq bayramın sanballı olmasına səbəb olduğu kimi, eyni zamanda sanballı çəki artımına da gətirib çıxarır. Yəni bayram süfrələrinin bolluğu təkcə sevinc deyil, həm də orqanizm üçün əlavə yük deməkdir.
Yeni il bayramının isə özünəməxsus və bir qədər problemli bir qaydası var. Belə ki, biz yeni ili yalnız 31 dekabr gecəsi qeyd etmirik, bayramdan sonrakı tətil günlərində də yeyib-içməyə davam edirik. Süfrədə qalan yeməklərdən günlərlə istifadə olunur ki, bu da həm həzm sistemində diskomfort yaradır, həm də orqanizmin yüklənməsinə səbəb olur. Artıq bu, ənənəvi hala çevrilib və nəticədə insanların böyük bir hissəsində 3–4 kiloqram, bəzən isə daha artıq çəki artımı müşahidə olunur. Bu vəziyyət yalnız estetik problem yaratmır, eyni zamanda mədə-bağırsaq pozuntularına, köp, reflüks, qastrit və digər həzm sistemi xəstəliklərinə də yol aça bilir. Çünki bayram günlərində əksər hallarda düzgün və balanslı qidalanmaya riayət edilmir.
Mən bir mütəxəssis kimi xüsusilə vurğulamaq istəyirəm ki, yeni il və digər uzunmüddətli bayramlara bir neçə gün qalmış maddələr mübadiləsini aktivləşdirmək olduqca vacibdir. Bunun üçün bir neçə “qızıl qayda” mövcuddur. İlk növbədə səhər erkən oyanmaq, səhər yeməyini mütləq şəkildə qəbul etmək, günorta yeməyini vaxtında yemək və axşam saatlarında yeməklərdən imtina etmək lazımdır. Bundan əlavə, açıq havada gəzintilər maddələr mübadiləsini sürətləndirən ən təsirli vasitələrdən biridir.
Bəs yığılan artıq çəkidən özümüzü necə xilas edə bilərik?
Artıq çəki ilə mübarizədə günə düzgün başlamaq əsas şərtlərdən biridir. Səhər menyusunda ilk olaraq bir stəkan su, yaxud ev şəraitində hazırlanmış detoks sularına üstünlük verilməlidir. Bu, bir neçə gün əvvəl orqanizmdə yığılmış artıq yağların parçalanmasına və toksinlərin bədəndən xaric olunmasına kömək edir. Bayram günlərində su qəbulu adətən azalır, bunun əvəzində qazlı və şəkərli içkilərin istehlakı artır. Bu da bədəndə ödemin yaranmasına və çəkinin süni şəkildə artmasına səbəb olur.mumiyyətlə, arıqlama prosesinin ilk və ən vacib addımlarından biri kifayət qədər su içməkdir. Gün ərzində 1,5–2 litr təmiz su qəbul etmək maddələr mübadiləsini sürətləndirir, toksinlərin orqanizmdən xaric olunmasına kömək edir və iştahın nəzarətdə saxlanmasına şərait yaradır.
Daha sonra səhər menyusunda mütləq şəkildə meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Çünki bitki mənşəli qidalar asan həzm olunan karbohidrat mənbəyidir və orqanizmi yormur. Əgər bir neçə gün öncə ağır, yağlı yeməklər qəbul etmisinizsə, meyvə-tərəvəz rasionu həmin yağların və xolesterinin orqanizmdən xaric olunmasına ciddi şəkildə kömək edir”.
Mütəxəssis qeyd edib ki, bayramdan sonra dərhal ağır idman proqramlarına başlamaq vacib deyil:
“Əksinə, bu, bəzən orqanizm üçün stress yarada bilər. Gündəlik piyada gəzintilər, yüngül qaçış, üzgüçülük və ya ev şəraitində edilən sadə fiziki hərəkətlər bədəni tədricən aktiv həyata qaytarır. Burada əsas məqsəd hərəkəti müvəqqəti deyil, həyat tərzinə çevirməkdir. Çünki davamlılıq bu prosesdə həlledici rol oynayır.
Bütün bunlar bir daha göstərir ki, bayram kilolarından qurtulmaq mümkündür. Yetər ki, bu prosesə tələsik, sərt və yanlış üsullarla yanaşılmasın. Günorta yeməyini qəbul edib, hələlik axşam yeməyindən imtina etmək, axşam saatlarında isə yüngül gəzintilərə çıxmaq olduqca effektiv üsuldur. Bu qaydalara əməl etdikdə bir neçə kiloqram artıq çəkini sağlam və rahat şəkildə atmaq mümkündür”.





















