Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı mühüm dəyişiklik gözlənilir. Söhbət ayrı-ayrı evlərin deyil, bütöv yaşayış massivlərinin torpaq kateqoriyasının dəyişdirilməsindən gedir. Bu isə illərdir sənədsiz ev problemi ilə üzləşən yüz minlərlə vətəndaş üçün müsbət xəbər sayıla bilər.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin açıqlamasına görə, təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə cavab verdiyi halda aidiyyəti dövlət qurumlarına elektron qaydada rəy üçün göndərilir.
Söhbət Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən gedir.
Mətin Eynullayev bildirib ki, aidiyyəti dövlət qurumlarından müsbət rəy alındıqdan sonra məsələ daha yuxarı instansiyaya təqdim olunur. Qərar təsdiqləndikdən sonra torpağın kateqoriyası dəyişmiş hesab edilir.
Əmlak Məsələləri Dövlət Xidmətinin apardığı təhlil zamanı maraqlı mənzərə ortaya çıxıb. Mətin Eynullayevin sözlərinə görə, daxil olan müraciətlərin 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır. Problem əsasən 1990-cı illərdən başlayaraq müxtəlif səbəblərdən formalaşan yaşayış massivləri ilə əlaqədardır.
Xidmət rəisi bildirib ki, həmin dövrdə iqtisadiyyatın keçid mərhələsində olması, eyni zamanda torpaqların işğalı nəticəsində çoxsaylı insanların yaşayış yerlərini tərk edərək digər ərazilərdə məskunlaşması zərurəti kənd təsərrüfatı və digər kateqoriyalara aid torpaqlarda böyük yaşayış massivlərinin yaranmasına səbəb olub.
Burada isə söhbət bir-iki evdən getmir. Ayrı-ayrı ərazilərdə yüzlərlə, hətta minlərlə fərdi yaşayış evi inşa olunub. Məhz buna görə də dövlət qurumu hər bir evin və ya torpaq sahəsinin ayrı-ayrılıqda kateqoriyasının dəyişdirilməsini səmərəli hesab etmir. Mətin Eynullayevin açıqlamasının ən mühüm hissəsi də məhz bundan ibarətdir. Əgər yaşayış massivi şəhərsalma sahəsində normativ sənədlərə və ərazi planlaşdırılması sənədlərinə uyğundursa, ərazidə mühəndis-kommunikasiya xətləri, yol-nəqliyyat infrastrukturu mövcuddursa və həmin yaşayış massivinin gələcəkdə inkişaf etdirilməsi üçün imkan varsa, aidiyyəti dövlət qurumlarının müsbət rəyi əsasında həmin ərazinin statusunun dəyişdirilməsi mümkün olacaq.
Bu halda fərdi ev sahiblərinin bir-bir müraciət etməsinə ehtiyac qalmayacaq. Mətin Eynullayevin sözlərinə görə, kütləvi dəyişiklik həyata keçirildikdə həmin massivdə mövcud olan bütün fərdi yaşayış evlərinin kateqoriyası dəyişəcək və onların mülkiyyət hüququ əldə etməsi xeyli asanlaşacaq.
Başqa sözlə, proses həyata keçərsə, illərdir sənədsiz qalan evlərin “kupça” almasının qarşısındakı əsas hüquqi maneələrdən biri aradan qalxa bilər. Məsələnin miqyası isə kifayət qədər böyükdür.
Əmlak eksperti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc hesab edir ki, bu məsələ uzun illərdir cəmiyyətdə müzakirə olunan problemlərdən biridir. Ekspert bildirib ki, dövlət qurumunun rəhbərinin açıqlaması on minlərlə, hətta yüz minlərlə vətəndaş üçün əhəmiyyətli ola bilər. Onun sözlərinə görə, əsas məsələ açıqlamanın real addımlarla müşayiət olunmasıdır: “Bu açıqlamanın bundan sonrakı dövrdə real həyata keçirilməsi, yəni bununla bağlı konkret tədbirlərin görülməsi vacibdir. Hesab edirəm ki, bu, ilk növbədə, əmlak amnistiyasının ilkin işarələrindən xəbər verir”.
Vüqar Oruc hesab edir ki, müəyyən massivdə onlarla və ya yüzlərlə fərdi yaşayış evi kənd təsərrüfatı təyinatlı torpaqların üzərində tikilibsə və insanlar həmin evlərdə faktiki olaraq yaşayır, kommunal xidmətlərdən istifadə edirlərsə, artıq burada mövcud hüquqi problemin dövlət tərəfindən həlli zərurəti yaranır. Ekspertin fikrincə, qanunvericiliyə əsasən fərdi yaşayış evləri yaşayış təyinatlı torpaqlarda inşa edilməlidir. Lakin reallıqda çoxsaylı yaşayış massivləri kənd təsərrüfatı təyinatlı torpaqlarda formalaşıb. “Əgər həmin torpaqların statusu və təyinatı dəyişdirilərsə, bu yolla yüz minlərlə sənədsiz evin hüquqi statusunun müəyyənləşdirilməsi mümkün ola bilər”, – deyə ekspert bildirib.
Vüqar Orucun sözlərinə görə, sənədsiz evlərin müəyyən hissəsinin sənədləşdirilməməsinin əsas səbəblərindən biri torpağın yaşayış təyinatlı olmamasıdır.
“Hazırda sənədsiz evlərin təxminən 20-25 faizinin məhz bu tip problemə görə sənədləşdirilə bilmədiyi bildirilir. Çünki həmin evlər faktiki olaraq yaşayış üçün istifadə olunur, lakin torpağın təyinatı yaşayış olmadığına görə onların qeydiyyata alınması və müvafiq çıxarışla təmin edilməsi mümkün olmur”, – ekspert deyib.
Onun fikrincə, əgər problem yalnız torpağın təyinatı ilə bağlıdırsa, həmin təyinatın dəyişdirilməsi və evlərin hüquqi statusunun müəyyənləşdirilməsi mühüm addım ola bilər.
Ekspert hesab edir ki, sənədsiz evlərin rəsmiləşdirilməsi yalnız vətəndaşların hüquqi problemini həll etməyəcək.Bu əmlaklar iqtisadi dövriyyəyə də daxil olacaq. Belə ki, çıxarış əldə edən ev və torpaq sahəsi miras kimi varislərə ötürülə, alınıb-satıla, bazar qiyməti ilə qiymətləndirilə və bank üçün girov predmeti kimi istifadə oluna bilər.
Vüqar Orucun fikrincə, bu baxımdan sənədsiz evlərin sənədləşdirilməsi həm sosial, həm hüquqi, həm də iqtisadi əhəmiyyət daşıyır: “Bu evlərin sənədləşdirilməsi təkcə vətəndaşın probleminin həlli demək deyil. Həmin evlər ölkə iqtisadiyyatının aktivlərinə çevriləcək. Onlar miras olaraq varislərə ötürülə, bazara çıxarılıb alınıb-satılan əmlaka çevrilə, qiymətləndirilə, banklara girov qoyularaq kredit götürülə bilər. Bu da iqtisadi aktivliyin artmasına xidmət edəcək”, – ekspert bildirib.
Vüqar Orucun sözlərinə görə, yüzlərlə, minlərlə evin yerləşdiyi massivlərlə bağlı vəziyyətə fərqli yanaşmaq lazımdır: “Əgər söhbət bir neçə hektarlıq ərazidə bir evin tikilməsindən getsəydi, məsələyə başqa cür yanaşmaq olardı. Amma burada söhbət ondan gedir ki, həmin ərazilərdə yüzlərlə, hətta minlərlə ev tikilib. Artıq həmin ərazilər faktiki olaraq vətəndaşların yaşayış məqsədilə məskunlaşdığı böyük yaşayış massivlərinə çevrilib”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, belə vəziyyətdə dövlətin qarşısında iki yol dayanır: ya həmin evlərin sökülməsi, ya da faktiki yaranmış yaşayış massivlərinin hüquqi statusunun müəyyənləşdirilməsi. Ekspert ikinci variantın daha məqsədəuyğun olduğunu düşünür: “Bakı və Abşeron ətrafında əhali artdıqca yaşayış sahələrinə tələbat yüksəlir, torpaq ehtiyatları isə məhdudlaşır. Nəticədə kənd təsərrüfatı təyinatlı torpaqlarda da yaşayış massivləri yaranır.
Əgər həmin ərazilərdə həqiqətən əkin üçün əlverişli torpaqlar varsa, onlar, əlbəttə, kənd təsərrüfatı təyinatında saxlanılmalıdır. Amma orada yaşayış üçün potensial varsa və ya artıq faktiki yaşayış massivləri formalaşıbsa, həmin torpaqların təyinatına yenidən baxılması məqsədəuyğundur”, – ekspert qeyd edib.Musavat.com





















