Şimali Koreya lideri Kim Çen Inın ağır beyin qanaxması keçirərək komaya düşdüyü, müalicə üçün Çinə aparıldığı və orada vəfat etdiyi barədə yayılan iddialar təkzib olunub.
Korrekt.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan şayiələr Şimali Koreya dövlət mətbuatının dərc etdiyi yeni fotoşəkillərlə yalanlanıb.
Sözügedən iddialar ilk olaraq Çin Demokratiya Partiyasının sədri kimi tanınan Vanjsun Şye (Wanjun Xie) tərəfindən “X” sosial şəbəkəsində gündəmə gətirilib.
Böyük Britaniyanın “The Sun” qəzeti də daxil olmaqla, xarici mediada yer alan xəbərlərdə Kim Çen Inın tibbi imkanların yetərsizliyi səbəbindən Pekinə aparıldığı və tətbiq edilən müalicəyə baxmayaraq həyatını itirdiyi iddia olunurdu.
İddiaların geniş vüsət almasından dərhal sonra Şimali Koreya dövlət mediası Kim Çen Inın yeni fotoşəkillərini yayımlayaraq şayiələrə nöqtə qoyub.
Kadrlarda Kim Çen Inın uşaq ayaqqabıları və qadın geyimləri istehsal edən müəssisələri yoxladığı, rəsmilərə tapşırıqlar verdiyi və qızı ilə birlikdə olduğu görünür.
Mənbələr Şimali Koreya liderinin bu günlərdə Müdafiə Muzeyini də ziyarət etdiyini və səhhəti ilə bağlı hər hansı problemin olmadığını bildiriblər.Musavat.com























