Fransa daxili işlər naziri Loran Nunyes ötən həftə nazirliyə edilən kiberhücum zamanı hakerlərin hüquq-mühafizə orqanlarının məlumat bazalarına daxil olduğunu təsdiqləyib və onlarla məxfi faylın ələ keçirildiyini bildirib.
Korrekt.az xəbər verir ki, “Franceinfo” nəşrinə müsahibəsində Nunyes qeyd edib ki, nazirlik çərşənbə günü kiberhücuma məruz qalıb və nəticədə Cinayət Qeydləri Sistemindən və Axtarışda olan Şəxslər Faylından onlarla fayl oğurlanıb.
“Bu fayllar bizim üçün vacibdir”, – deyən Nunyes bildirib ki, rəsmilər hələ də pozuntunun tam miqyasını qiymətləndirirlər.
O, qeyd edib ki, hansı məlumatların ələ keçirildiyini və istifadə olunub-olunmadığını müəyyən etmək üçün araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyi hücumun 11-dən 12 dekabra keçən gecə baş verdiyini və elektron poçt xidmətlərinə yönəldiyini təsdiqləyib. Nazirlik BFMTV-yə verdiyi müsahibədə araşdırmaların bu məlumatların biznes tətbiqlərinə giriş üçün istifadə oluna biləcəyini göstərdiyini bildirib.
Fransa hakimiyyəti hakerlərin şəxsiyyətini və ya məlumatların paylaşılıb-paylaşılmadığını açıqlamayıb. Təhlükəsizlik orqanları araşdırmaları davam etdirir, eyni zamanda təhlükəsizliyi gücləndirmək və əlavə riskləri azaltmaq üçün tədbirlər görürlər.





















