Lionel Messi Dünya Kuboku öncəsi azarkeşləri narahat edən zədə problemi ilə üzləşib. Argentina millisinin kapitanı Inter Miami CF-nin Philadelphia Union üzərində 6:4 hesablı qələbə qazandığı oyunda 72-ci dəqiqədə əvəzlənməsini istəyib.
Korrekt.az xəbər verir ki, Messi sol ayağının arxa hissəsində gərginlik hiss etdiyini bildirib və ehtiyat məqsədilə meydanı tərk edib.
“İnter Mayami”nin baş məşqçisi Gilermo Oyos matçdan sonra açıqlamasında futbolçunun durumunun hələ dəqiqləşmədiyini deyib:
“Messinin zədəsi ilə bağlı hələ ətraflı məlumatımız yoxdur. Onunla danışmağa imkan tapmamışam. Sadəcə çox yorğun olduğunu bilirəm.”
Argentinalı jurnalist Qaston Edul isə bildirib ki, Messi ciddi zədə almayıb. Onun sözlərinə görə, ulduz futbolçu yalnız iskiotibial nahiyədə yüngül gərginlik hiss edib və riskə getməmək üçün əvəzlənib.
İlkin məlumatlara əsasən, Messinin durumunun ciddi olmadığı və Dünya Kuboku oyunlarına hazır olmasının gözlənildiyi qeyd olunur.





















