Korrekt.az xəbər verir ki, FIFA tanınmış futbol mütəxəssisi Arsen Vengerin təklif etdiyi yeni ofsayt qaydasının 2026/27 mövsümündən etibarən tətbiqinə prinsipial razılıq verib.
RMC-nin məlumatına görə, yeni qaydaya əsasən bir epizodun ofsayt kimi qiymətləndirilməsi üçün hücumçunun rəqib müdafiəçini bütün bədən üzvləri ilə tam şəkildə keçməsi tələb olunacaq. Yəni hücumçunun bədəninin hər hansı bir hissəsi müdafiəçi ilə eyni xəttdə qalarsa, epizod ofsayt sayılmayacaq.
Qayda dəyişikliyinin əsas məqsədi oyunda ofsayt qərarlarının sayını azaltmaq, hücum futbolunu təşviq etmək və VAR müdaxilələri ilə bağlı mübahisələri minimuma endirməkdir.
Bununla belə, futbol ictimaiyyətində yeni qaydanın ofsaytların azalmasına səbəb olub-olmayacağı və ya əksinə, mübahisələri daha da artıracağı ilə bağlı müzakirələr artıq başlayıb.





















