Azərbaycanın müstəqillik tarixində müxtəlif dövrlərdə yüksək vəzifəli məmurların, generalların, bank rəhbərlərinin, deputatların və diplomatik korpusun tanınmış nümayəndələrinin həbsi ölkənin hüquq sistemi və siyasi həyatında ən çox rezonans doğuran hadisələrdən olub. Bir vaxtlar dövlət idarəçiliyinin ən yüksək pillələrində qərarlar qəbul edən, milyonlarla manatlıq layihələrə rəhbərlik edən, beynəlxalq səviyyədə Azərbaycanı təmsil edən bu şəxslər sonradan cinayət məsuliyyətinə cəlb edilərək uzunmüddətli həbs cəzaları alıblar. Onların bəziləri illərlə toxunulmaz hesab olunurdu. Kimisi Prezident Administrasiyasının rəhbəri, digəri ölkənin baş prokuroru olub, kimisi dövlətin ən böyük bankını idarə edib, kimisi isə təhlükəsizlik sistemində general rütbəsinə qədər yüksəlib. Lakin müxtəlif dövrlərdə aparılan istintaqlar, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları və məhkəmə araşdırmaları nəticəsində həmin şəxslər haqqında ağır ittihamlar irəli sürülüb və məhkəmələr tərəfindən hökm çıxarılıb.
Bu araşdırmada həmin şəxslərin həyat yoluna, karyerasına, yüksəlişinə, cinayət işlərinin başlanmasına, məhkəmə proseslərinə və hazırkı hüquqi statuslarına nəzər salırıq.
Ramiz Mehdiyev – 24 il hakimiyyətin mərkəzində, indi isə DTX istintaqının əsas fiqurlarından biri

Azərbaycanın müasir siyasi tarixində Ramiz Mehdiyev qədər uzun müddət hakimiyyətin ən yüksək eşelonunda təmsil olunan məmurların sayı çox deyil. O, 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri kimi ölkənin daxili siyasi idarəçiliyinin əsas fiqurlarından biri hesab olunurdu. Dövlət aparatında kadr siyasətinin formalaşdırılması, icra hakimiyyəti orqanlarının fəaliyyətinin koordinasiyası, parlament seçkiləri, siyasi proseslər və Prezident Administrasiyasının işi uzun illər onun nəzarətində olub. Məhz buna görə siyasi dairələrdə ona “boz kardinal” deyirdilər.
Ramiz Mehdiyev sovet dövründən dövlət idarəçiliyində çalışıb. O, Azərbaycan KP MK aparatında müxtəlif vəzifələr tutub, müstəqillik dövründə isə əvvəlcə Prezident Aparatında şöbə müdiri, daha sonra Administrasiyanın rəhbəri vəzifəsinə yüksəlib. Hakimiyyət daxilində nüfuzu o qədər böyük idi ki, uzun illər nazirlərin, komitə sədrlərinin, icra başçılarının və digər yüksək vəzifəli şəxslərin təyinatında əsas söz sahibinin məhz o olduğu bildirilirdi.
2019-cu ilin oktyabrında Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi. Az sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilsə də, həmin postda da uzun müddət qala bilmədi və 2022-ci ildə istefa verdi. Bundan sonra siyasi proseslərdən kənarda görünən Ramiz Mehdiyevin adı 2025-ci ilin payızında yenidən ölkənin əsas gündəminə çevrildi.
2025-ci il oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətində aparılan genişmiqyaslı cinayət işi çərçivəsində Ramiz Mehdiyev təqsirləndirilən şəxs qismində cəlb olundu. Səbail Rayon Məhkəməsi onun barəsində ilkin olaraq 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdi. Sonrakı aylarda istintaq orqanının təqdimatları əsasında bu müddət bir neçə dəfə uzadıldı və hazırda da ev dustaqlığı qüvvədə qalır.
Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn əməllər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın külli miqdarda leqallaşdırılması) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr Azərbaycan qanunvericiliyində ən ağır cinayətlər sırasında yer alır və xüsusilə dövlət təhlükəsizliyi ilə bağlı ittihamlar kimi qiymətləndirilir.
Cinayət işi Ramiz Mehdiyevlə məhdudlaşmır. İstintaq çərçivəsində Prezident Administrasiyasının keçmiş əməkdaşı və AMEA Katibliyinin sabiq rəisi Eldar Əmirov, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib və sonradan uzadılıb.
Bu iş həm ittihamların xarakteri, həm də Ramiz Mehdiyevin uzun illər Azərbaycan hakimiyyətində tutduğu müstəsna mövqe baxımından ölkənin müstəqillik tarixində ən səs-küylü siyasi-hüquqi proseslərdən biri hesab olunur. İstintaq davam edir.
Baş prokurorluqdan müttəhim kürsüsünə – Eldar Həsənovun taleyi
Azərbaycan hüquq sistemində Eldar Həsənov uzun illər dövlətçiliyin və hüquq-mühafizə sisteminin tanınmış simalarından biri olub. O, 1995–2000-ci illərdə Azərbaycanın Baş prokuroru vəzifəsində çalışaraq ölkədə cinayətkarlıqla mübarizə və hüquq sisteminin formalaşdırılmasında mühüm rol oynayıb. Sonralar diplomatik xidmətə keçərək Rumıniyada, daha sonra isə Serbiya, Monteneqro və Bosniya və Herseqovinada Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
Təxminən iyirmi il davam edən diplomatik fəaliyyəti dövründə Azərbaycanı Balkan regionunda təmsil edən əsas diplomat kimi tanınıb. O, müxtəlif dövlət təltifləri alıb, beynəlxalq tədbirlərdə ölkənin rəsmi nümayəndəsi kimi iştirak edib və Xarici İşlər Nazirliyinin ən təcrübəli diplomatlarından biri hesab olunurdu.
Lakin 2020-ci ilin avqustunda Baş Prokurorluğun apardığı istintaq çərçivəsində onun saxlanılması ölkədə böyük rezonans doğurdu. İstintaqın məlumatına görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ayrılmış dövlət vəsaitlərinin xərclənməsi zamanı ciddi qanun pozuntularına yol verilib. Eldar Həsənova mənimsəmə, dövlət vəsaitlərinin təyinatından kənar istifadəsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və digər maliyyə xarakterli cinayətlər üzrə ittihamlar irəli sürüldü.
Məhkəmə prosesləri zamanı ittiham tərəfi milyonlarla manat dövlət vəsaitinin qanunsuz xərcləndiyini bildirdi. Eldar Həsənov isə irəli sürülən ittihamları qəbul etmədi. O, səhhətində ağır problemlərin olduğunu, uzun illər dövlətə xidmət etdiyini və cinayət təqibini əsassız hesab etdiyini bəyan etdi. Müdafiə tərəfi onun sağlamlıq vəziyyətinə görə həbsdə saxlanılmasının mümkünsüz olduğunu dəfələrlə vurğuladı.
2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Eldar Həsənovu 10 il müddətinə azadlıqdan məhrum etdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü əsasən qüvvədə saxladı. Ali Məhkəmə də cəzanı dəyişmədən saxladı, yalnız xüsusi müsadirə edilən əmlakın bir hissəsinə dair qərara dəyişiklik etdi.
Onun cinayət işi Azərbaycan diplomatik xidmətinin tarixində ən yüksək vəzifə tutmuş səfirlərdən birinin korrupsiya və mənimsəmə ittihamları ilə məhkum edilməsi baxımından presedent hesab olunur.
“Əsrin bankiri” necə həbs olundu? – Cahangir Hacıyevin dosyesi

Azərbaycanın bank sektorunda Cahangir Hacıyev uzun illər ölkənin ən nüfuzlu maliyyəçilərindən biri hesab olunurdu. O, 2001–2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışaraq ölkənin ən iri maliyyə institutuna rəhbərlik edib. Həmin dövrdə Beynəlxalq Bank iri dövlət layihələrinin, infrastruktur proqramlarının və biznes kreditlərinin əsas maliyyələşdiricilərindən biri idi.
Neft gəlirlərinin rekord həddə çatdığı illərdə bankın aktivləri sürətlə artır, xarici kreditlər cəlb edilir, iri beynəlxalq layihələr maliyyələşdirilirdi. Cahangir Hacıyev həm ölkə daxilində, həm də beynəlxalq maliyyə dairələrində tanınan bank rəhbərlərindən biri idi. Məhz həmin dövrdə müxtəlif media orqanlarında ona “əsrin bankiri” kimi təqdimatlar verilirdi.
Cahangir Hacıyev maliyyə sektorundakı fəaliyyəti ilə yanaşı siyasi hakimiyyət elitası ilə qohumluq əlaqələri ilə də diqqət çəkirdi. O, uzun illər Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudov ilə quda idi. Bu qohumluq dövrün ən nüfuzlu məmur ailələri arasında formalaşmış münasibətlərdən biri kimi qiymətləndirilirdi. Maraqlıdır ki, 2015-ci ildə əvvəlcə Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırıldı, Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı əməliyyatlar keçirildi, bir neçə ay sonra isə Cahangir Hacıyev də həbs olundu. Rəsmi istintaq bu iki iş arasında hüquqi bağlılıq elan etməsə də, hadisələrin ardıcıllığı uzun müddət ictimai müzakirə mövzusu oldu.
2015-ci il dekabrın 5-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Elə həmin gün məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. İstintaqın gedişində həbs müddəti bir neçə dəfə uzadıldı.
İstintaq Cahangir Hacıyevi Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi illərdə bankın vəsaitlərini mənimsəmək, saxta və təminatsız kreditlər vermək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, vəzifə saxtakarlığı törətmək və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması kimi ağır iqtisadi cinayətlərdə ittiham edirdi. Cinayət işi üzrə bankın yüzlərlə kredit müqaviləsi, iri maliyyə əməliyyatları və müxtəlif kommersiya qurumları ilə bağlanmış sövdələşmələr araşdırılmışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Cahangir Hacıyev özünü təqsirli bilmədiyini bildirdi. O, kreditlərin ayrılması barədə qərarların təkbaşına deyil, Kredit Komitəsi və digər kollegial idarəetmə orqanları tərəfindən qəbul edildiyini, bankın sonradan problemə çevrilən kredit portfelinin isə əsasən iqtisadi böhran və devalvasiyanın nəticəsi olduğunu müdafiə edirdi.
Bununla belə, 14 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevi təqsirli bilərək onu 15 il müddətinə azadlıqdan məhrum etdi. Məhkəmə həmçinin onun əmlakının müsadirə olunmasına və dövlətə vurulduğu müəyyən edilən ziyanın ödənilməsi ilə bağlı mülki iddianın təmin edilməsinə dair qərarlar qəbul etdi.
Hökmdən verilən apellyasiya və kassasiya şikayətləri nəticə vermədi. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladı, daha sonra Ali Məhkəmə də hökmü dəyişdirmədi və qərar qanuni qüvvəyə mindi.
Bununla yanaşı, Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti ilə bağlı istintaq yeni maliyyə epizodları üzrə də davam etdirildi. Bu epizodlar üzrə ayrıca cinayət işi məhkəməyə göndərildi və 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Cahangir Hacıyevi yenidən təqsirli bildi. Məhkəmə əvvəlki hökmü də nəzərə alaraq cəzaları birləşdirdi və onun yekun cəzasını 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə kimi müəyyən etdi.
Məhkəmələrin qənaətinə görə, Cahangir Hacıyevin rəhbərliyi dövründə Azərbaycan Beynəlxalq Bankından ayrılmış milyardlarla manat kredit vəsaiti qanunsuz sxemlər vasitəsilə müxtəlif kommersiya qurumlarına yönəldilib, banka və nəticə etibarilə dövlətə xüsusilə külli miqdarda ziyan vurulub. Cahangir Hacıyev isə bütün məhkəmə prosesləri boyunca ittihamları qəbul etməyərək özünü təqsirli bilmədiyini bəyan edib.
Cahangir Hacıyev vəzifədə olduğu illərdə, həbsindən sonrakı dövrdə ailəsi ən səs-küylü kriminal hadisələrindən birinin iştirakçısı olmuşdu. 2005-ci ildə onun həyat yoldaşı Zamirə Hacıyeva Azərbaycanda xüsusi amansızlığı ilə tanınan kriminal dəstənin rəhbəri Hacı Məmmədov tərəfindən təşkil edilən oğurluq hadisəsinin qurbanlarından biri olmuşdu. İstintaq materiallarına görə, Zamirə Hacıyeva qaçırılaraq müəyyən müddət Hacı Məmmədovun gizli həbsxanasında girov saxlanılmış, daha sonra isə xüsusi əməliyyatla azad edilmişdi. Həmin cinayət işi sonradan Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin törətdiyi çoxsaylı ağır cinayətlərin epizodlarından biri kimi məhkəmə materiallarında öz əksini tapdı.
Cahangir Hacıyevin həbsindən sonra ailəsi də beynəlxalq medianın diqqət mərkəzinə düşdü. Həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyada dəbdəbəli həyat tərzi və milyonlarla funt sterlinq xərcləməsi ilə gündəmə gəldi. O, Böyük Britaniyada tətbiq edilən ilk “İzah olunmayan sərvət əmri” (Unexplained Wealth Order) proseduruna məruz qalan şəxs kimi hüquq tarixində də yer aldı.
Bu gün Cahangir Hacıyevin adı Azərbaycanın bank tarixinin ən böyük maliyyə qalmaqalı ilə assosiasiya olunur. Onun rəhbərlik etdiyi dövrdə formalaşmış problemli kredit portfeli dövlət büdcəsinə milyardlarla manat yük gətirdi, Azərbaycan Beynəlxalq Bankı isə uzunmüddətli restrukturizasiya prosesindən keçdi. Bu cinayət işi həm dövlət banklarında korporativ idarəetmənin, həm də maliyyə nəzarəti və risklərin idarə olunması mexanizmlərinin zəif tərəflərini üzə çıxaran ən mühüm hüquqi proseslərdən biri kimi Azərbaycan iqtisadi tarixində xüsusi yer tutur.
Ardı var
Musavat.com





















