“İranda baş verən hadisələr əhalinin illərdir üzləşdiyi sosial-iqtisadi problemlərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Uzun müddət ərzində həyata keçirilən iqtisadi siyasət gözlənilən nəticəni verməyib. Mövcud etiraz aksiyalarının əsas səbəblərindən biri də İrana qarşı tətbiq olunan uzunmüddətli sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsiridir.” – bu fikirləri Korrekt.az saytına açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, ekspert Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, etirazların genişlənməsinə baxmayaraq, İran hökumətinin geri addım atmaması vəziyyəti daha da gərginləşdirir və bu, olduqca təhlükəli nəticələrə yol aça bilər.
Ekspert qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində ilkin mərhələdə haqlı sosial-iqtisadi tələblərlə çıxış edən etirazçı dükan sahibləri ilə sonrakı mərhələdə baş verən aksiyaları fərqləndirməyə çalışıb.
“Prezident bazarların bağlanması və sahibkarların etirazlarına toxunaraq, hökumətin bu məsələyə həssas yanaşdığını vurğulayıb və aidiyyəti nazirlərə sahibkarlarla görüş tapşırığı verdiyini bildirib. Onun sözlərinə görə, həm şəxsi görüşlər keçirilib, həm də hökumət iclaslarında bu narahatlıqlar müzakirə olunub və problemlərin həlli ilə bağlı qərar qəbul edilib.”– deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı vurğulayıb ki, dükan sahiblərinin həmin görüşlərdən və verilən vədlərdən real şəkildə razı qaldıqlarına dair hər hansı təsdiqlənmiş məlumat yoxdur.
“Eyni zamanda, əgər verilən vədlər yerinə yetirilməyəcəksə və milli valyuta olan rial dəyərdən düşməyə davam edəcəksə, etirazların yenidən və daha geniş miqyasda baş qaldırması qaçılmazdır. Yalnız vədlərlə mövcud siyasət dəyişmədiyi halda İranın sanksiyalardan çıxması mümkün deyil və bu da ölkə iqtisadiyyatındakı dərin problemlərin həllsiz qalacağı anlamına gəlir. Prezident Məsud Pezeşkian müraciətinin ikinci hissəsində xarici qüvvələrin mövcud iqtisadi çətinliklərdən istifadə edərək ölkədə iğtişaş yaratmağa çalışdığını bildirib. O, silahlı şəxslərin şəhərlərdə qarışıqlıq törətdiyini və onların İrana aid olmadığını iddia edib. Prezident vəziyyətdən çıxış yolu kimi yerli icmaların birləşərək iğtişaşlara qarşı çıxmasını, ailələrin isə gənclərin bu proseslərə cəlb olunmasına imkan verməməsini istəyib. Onun sözlərinə görə, bankların, ictimai nəqliyyatın, dövlət obyektlərinin və yaşayış evlərinin yandırılması etiraz forması sayıla bilməz.” – deyə iqtisadçı alim bildirib.
“Ali dini lider isə iğtişaşlarda iştirak edənlərə qarşı sərt tədbirlərin görülməsini tələb edib. Prezidentin valideynlərə övladlarını nəzarətdə saxlamaq çağırışı isə faktiki olaraq gənclərin etirazlarda fəal rol oynadığının etirafı kimi dəyərləndirilir. Nə ali dini liderin sərt çağırışları, nə də Prezidentin müraciətləri cəmiyyətdə dərinləşən münaqişəni həll etməyə qadirdir. Morqlarda övladlarını axtaran valideynlərin ağrı-acısı necə aradan qaldırılacaq və internetin kəsilməsi fonunda ölənlərin sayının artması ilə bağlı hökumət hansı məsuliyyəti daşıyacaq.”- deyə Arzuman Muradlı əlavə edib.






















