image-1backend

“Kreml yenə öz çirkin siyasətindən əl çəkmir” -Politoloq

image-ads-728x90

“Rusiya Cənubi Qafqazda gedən proseslər fonunda yenə də ənənəvi siyasətindən geri çəkilmir və Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü Kremlə ciddi şəkildə narahat edir” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-2

” Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan parlamentinin sədri Alen Simonyan arasında Moskvada baş tutan görüşün gərgin keçməsinin əsas səbəbi də məhz budur. Görüş zamanı yaranan gərginliyə hər iki tərəf əvvəlcədən hazır idi. Alen Simonyan baş nazir Nikol Paşinyanın ən sadiq tərəfdarlarından biridir və Ermənistanda Rusiyanı açıq şəkildə tənqid edən əsas fiqurlardan sayılır. Sergey Lavrov da bunu bildiyindən, Moskvanın İrəvanın hazırkı siyasətindən narazılığını birbaşa Simonyanın diqqətinə çatdırıb.”– deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, Lavrov görüş zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü kimi bu qurumdan faydalandığı halda, eyni zamanda Avropa İttifaqına üzvlük istəyi göstərməsinin iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini vurğulayıb. Rusiyalı nazir bu məsələni təkcə iqtisadi amillərlə izah etməyib. Onun sözlərinə görə, Ermənistan Avropa standartlarını qəbul edərsə, avtomatik olaraq Avropa İttifaqının Rusiyaya qarşı sərt siyasətinə də qoşulmaq məcburiyyətində qalacaq.

Politoloq əlavə edib ki, Lavrovun “Ermənistan Rusiyanın müttəfiqidir” xatırlatmasından sonra səsləndirdiyi fikirlər isə mübahisəlidir. Belə ki, Rusiya XİN rəhbəri Cənubi Qafqazda vəziyyətin olduqca mürəkkəb olduğunu iddia edib. Arzuman Muradlının fikrincə, reallıqda Cənubi Qafqazda mürəkkəb mərhələ artıq geridə qalıb və Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesi genişlənməkdədir.

O diqqətə çatdırıb ki, Lavrovun Simonyanla görüşündə Rusiyanın Cənubi Qafqazda gedən sülh prosesindən məmnun qaldığını ifadə edən hər hansı açıqlama səsləndirilməyib. Halbuki mövcud sülh mühiti Rusiyanın özü üçün də faydalıdır. Politoloqun sözlərinə görə, hazırda Rusiya taxıl məhsullarını dəmir yolu vasitəsilə Azərbaycan üzərindən Ermənistana ixrac edə bilir ki, bu da regionda sabitliyin real nəticələrindən biridir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki