İngiltərə Premyer Liqasında klubların əksəriyyəti maliyyə pozuntularında təqsirli bilinəcəyi təqdirdə “Mançester Siti”yə qarşı daha sərt sanksiyaların tətbiq edilməsini istəyir.
Korrekt.az “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa klubları komandanın cəzasının yalnız xal silinməsi ilə məhdudlaşdırılmasına qarşıdır. Klub rəhbərlərinin liqa rəhbərliyinə təzyiq göstərərək “Mançester Siti”nin ən azı bir mövsüm Premyer Liqadan kənarlaşdırılmasını tələb etdiyi bildirilir.
Klublar həmçinin “Mançester Siti” ilə bağlı uzunmüddətli araşdırmanın və klub rəhbərliyinin mövqeyinin Premyer Liqanın nüfuzuna zərər vurmasından narahatdır.
“Mançester Siti” isə ittihamları rədd edir və müvafiq qərarlardan apellyasiya şikayəti verməyə hazırlaşır.
Müstəqil komissiyanın 2009/10–2017/18 mövsümləri üzrə araşdırması zamanı klubla bağlı bir sıra maliyyə pozuntuları müəyyən edilib. Komissiyanın gəldiyi nəticələrə əsasən, “Mançester Siti” bəzi kommersiya tərəfdaşları ilə real maliyyə münasibətlərini təhrif edən müqavilələrdən istifadə edib və gəlirlərin süni şəkildə artırılması, xərclərin isə azaldılması ilə bağlı pozuntulara yol verib.
Araşdırmada həmçinin klubun maliyyə hesabatlarında yanlış məlumatlar təqdim etdiyi və maliyyə vəziyyətinin auditorlardan və futbol tənzimləyicilərindən gizlədildiyi müəyyənləşdirilib.
Bundan başqa, komissiya “Mançester Siti”nin həm Premyer Liqa, həm də UEFA-nın maliyyə qaydaları çərçivəsində müəyyən edilmiş xərcləmə limitlərini əhəmiyyətli dərəcədə aşdığını qeyd edib.
Araşdırma zamanı klubun Premyer Liqa qarşısında əməkdaşlıq və dürüstlük öhdəliklərini dəfələrlə pozduğu müəyyən edilib. İddia olunan dörd pozuntudan üçünün sübuta yetirildiyi bildirilir.
“Mançester Siti”yə tətbiq ediləcək konkret sanksiyalar isə ayrıca keçiriləcək dinləmələrdən sonra müəyyənləşdiriləcək.





















