Sosial mediada məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun vəfat etməsi ilə bağlı yayılan xəbərlərdən sonra Rumıniya Səhiyyə Nazirliyi açıqlama verib. Korrekt.az xəbər verir ki, rəsmi məlumatda bildirilir ki, Luçesku sağdır, lakin vəziyyəti ağır olaraq qalır.
Məlumata görə, ötən həftə xəstəxanaya yerləşdirilən 80 yaşlı məşqçi aprelin 3-də səhər evə buraxılmağa hazırlaşarkən infarkt keçirib. Daha sonra vəziyyəti yenidən ağırlaşan Luçesku ikinci dəfə infarkt keçirib və reanimasiya şöbəsinə yerləşdirilib. Bildirilir ki, o, reanimasiyaya aparılmazdan əvvəl üç dəfə ürək-ağciyər reanimasiyası olunub.
Buxarest Universiteti Xəstəxanası tərəfindən yayılan açıqlamada qeyd olunub ki, Luçeskunun vəziyyəti ürək ritmində yaranan ciddi pozuntular səbəbindən gecə saatlarında pisləşib və o, müalicəyə zəif reaksiya verdiyi üçün reanimasiya şöbəsinə köçürülüb.
Rumıniya səhiyyə naziri Aleksandru Roqobete isə açıqlamasında bildirib: “Təəssüf ki, vəziyyəti kritikdir. O, reanimasiyadadır və son 24–48 saat ərzində səhhəti daha da pisləşib”.
Bu arada, məşqçinin oğlu, Razvan Luçesku “Panatinaikos”la oyundan sonra təcili şəkildə şəxsi təyyarə ilə Rumıniyaya qayıdıb. O, jurnalistlərə açıqlamasında vəziyyətin “çətin və mürəkkəb” olduğunu bildirib.
Qeyd edək ki, “Lüçe” ləqəbi ilə tanınan Mirça Luçeskunun ölümü ilə bağlı yayılan xəbərlər rəsmi şəkildə təsdiqlənməyib. Ailəsi və yaxın çevrəsi də bu barədə hər hansı açıqlama verməyib.
Xatırladaq ki, Rumıniya Futbol Federasiyası aprelin 2-də Mirça Luçesku ilə yolların ayrıldığını açıqlamışdı. Federasiya rəhbərliyi onun Rumıniya futboluna böyük töhfələr verdiyini vurğulamışdı.





















