“Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində ölkənin dəmir yolu infrastrukturunun idarəçiliyi ilə bağlı Rusiyaya yönəlik açıqlamalar verib. Onun bəyanatları Ermənistan–Rusiya münasibətlərində yeni gərginlik müzakirələrinə səbəb olub”.
Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan Ermənistan dəmir yollarını idarə edən Rusiya şirkətinin üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyini açıq şəkildə bəyan edib.
“Bu, birbaşa Rusiyaya savaş mesajıdır. Paşinyan seçki öncəsi bu addımı atmaqla Kremldən çəkinmədiyini nümayiş etdirdi. O açıq şəkildə bildirdi ki, Yerasx–Naxçıvan sərhədi və Axurik–Türkiyə sərhədi istiqamətlərində planlaşdırılan dəmir yolu hissələrinin tikintisi həyata keçirilmir. Paşinyan etiraf etdi ki, Ermənistanın mülkiyyətində olan dəmir yolunun Rusiya Federasiyasının nəzarəti altında olması səbəbindən ölkə rəqabət üstünlüyünü itirib”, – deyə politoloq vurğulayıb.
Arzuman Muradlı qeyd edib ki, regionda yeni nəqliyyat layihələri və geosiyasi təşəbbüslər Rusiya, Qərb və digər regional güclər arasında rəqabəti daha da gücləndirir.
“Kreml rəsmi şəkildə bu açıqlamalara münasibət bildirməsə də, reallıq ondan ibarətdir ki, Moskva Paşinyana qarşı daha sərt mövqe tutacaq. Çünki Ermənistan və ümumilikdə Cənubi Qafqazın Rusiyadan uzaqlaşması ehtimalı Kreml üçün ciddi narahatlıq mənbəyidir”, – deyə politoloq əlavə edib.






















