image-1backend

Rusiya 2025-ci ildə Ukraynanın 300-dən çox yaşayış məntəqəsini işğal EDİB

image-ads-728x90

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, 2025-ci il ərzində Ukrayna ərazisində 300-dən çox yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib. Onun sözlərinə görə, ümumilikdə 6 300 kvadrat kilometrdən artıq ərazi ələ alınıb.

Korrekt.az xəbər verir ki, Gerasimov bu açıqlamanı Moskvada xarici ölkələrin hərbi attaşeləri üçün təşkil olunan brifinqdə verib.

Ukraynadakı müharibə ilə bağlı çıxış edən Gerasimov Qərb ölkələrinin Kiyevə hərbi, texniki və maliyyə dəstəyini davam etdirdiyini vurğulayıb. Bununla belə, o bildirib ki, cəbhə xəttində strateji təşəbbüs Rusiya ordusunun əlində qalır.

Gerasimovun sözlərinə görə, Rusiya qüvvələri Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində əməliyyatlarını davam etdirərək nəzarət zonalarını genişləndirir. O qeyd edib ki, “xüsusi hərbi əməliyyat” başlayandan bəri ümumilikdə təxminən 94 min kvadrat kilometr ərazi Rusiya nəzarətinə keçib.

Rusiya Baş Qərargah rəisi iddia edib ki, 2025-ci ildə Ukrayna ordusu təxminən 6 500 tank və zirehli texnika, 11 800 haubitsa və minaatan, eləcə də 500 minə yaxın hərbçi itirib.

Eyni zamanda, Gerasimov Donetsk vilayətində yerləşən Konstantinovka şəhərinin təxminən 50 faizinin Rusiya qoşunlarının nəzarətində olduğunu bildirib.

O, Qərb ölkələrinin Rusiyanı strateji cəhətdən məğlub etməyə çalışdığını, bəzi Avropa dövlətlərinin isə Ukraynada müharibənin davam etdirilməsində maraqlı olduğunu iddia edib. Gerasimov əlavə edib ki, Avropa Rusiya ilə mümkün birbaşa qarşıdurmaya hazırlıq məqsədilə hərbiləşdirilir və NATO Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu gücləndirir.

Gerasimov Rusiya ordusunun müasir silahlarla təchiz olunmasının davam etdiyini deyib. Onun sözlərinə görə, strateji nüvə qüvvələrinin 92 faizi müasir silahlardan ibarətdir. Bundan əlavə, S-500 zenit-raket sistemi ilə təchiz edilmiş hava və raketdən müdafiə diviziyası yaradılıb, “Oreşnik” orta mənzilli ballistik raket sistemi ilə silahlandırılmış yeni briqada formalaşdırılıb.

ABŞ-ın nüvə sınaqları keçirməsi ehtimalına toxunan Gerasimov bildirib ki, Rusiya Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsi çərçivəsində öhdəliklərinə sadiq qalır. Lakin onun sözlərinə görə, ABŞ nüvə sınaqlarına başlasa, Rusiya adekvat cavab tədbirləri görəcək.

Baş Qərargah rəisi gələn il genişmiqyaslı “Mərkəz–2026” strateji hərbi təlimlərinin keçiriləcəyini də açıqlayıb.

Gerasimov Yaxın Şərqdəki vəziyyətə də toxunaraq regionda gərginliyin artma ehtimalının yüksək olduğunu bildirib. O qeyd edib ki, bölgədə sabitliyin əsas amillərindən biri Qəzza zolağı ilə bağlı məsələnin həllidir və ABŞ-la tərəfdaşlarının bu istiqamətdə atacağı addımlar terror təhlükəsinin və İsrail–Fələstin qarşıdurmasının azalmasına töhfə verə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki