Argentina millisinin baş məşqçisi Lionel Scaloni milli komandada son oyununa çıxmağa hazırlaşan Lionel Messi haqqında duyğusal açıqlama verib.
Korrekt.az xəbər verir ki, Scaloni bildirib ki, Messinin milli komanda ilə vidalaşması bütün futbol ictimaiyyəti üçün unudulmaz an olacaq.
“Leo ilə bağlı çox duyğusal anlar yaşayacağımızı düşünürəm. Hər kəs üçün unudulmaz bir gün olacaq və mən bunun bir parçası olacağım üçün minnətdaram”.
Argentina millisinin çalışdırıcısı Messinin komandaya verdiyi töhfənin əvəzolunmaz olduğunu vurğulayıb:
“Daha nə deyə bilərəm ki? Leo haqqında hər şey artıq deyilib. İnsanlar həmişə onun ayrılmasından sonra nə qədər darıxacağımızdan danışırdılar. İndi isə həmin an gəlib çatıb”.
Scaloni qeyd edib ki, Messi milli komandaya heç kimdə görmədiyi xüsusi bir keyfiyyət qazandırıb.
“Onun komandaya gətirdiyi şey başqa heç kimdə heç vaxt görmədiyim bir şeydir. Ən çox darıxacağımız da məhz bu olacaq. Milli komanda yoluna davam edəcək, əlbəttə, amma onsuz əvvəlki kimi olmayacaq”.





















