Türk tarixinin ən çətin və böhranlı dövrlərində silinməz iz qoyan Kazım Karabəkir Paşa təkcə bir sərkərdə deyil, həm də bir millətin vicdanı və gələcəyinin memarı kimi yadda qalıb. Milli Mübarizənin taleyini dəyişən sarsılmaz sədaqətinə görə ona “Şərqin Fatehi”, müharibənin dağıntıları arasında minlərlə yetim uşağa sahib çıxdığı üçün isə “Yetimlərin Atası” adı verilib.
Birinci Dünya Müharibəsindən sonra Şərqi Anadolunu işğaldan azad edən Kazım Karabəkir, Milli Mübarizənin ən ağır günlərində Mustafa Kamal Paşaya verdiyi qətiyyətli dəstəklə İstiqlal Müharibəsinin gedişatında həlledici rol oynayıb.
Ankara Hacı Bayram Vəli Universitetinin Tarix kafedrasının müdiri, professor Dr. Nəsrullah Uzman Kazım Karabəkiri belə xarakterizə edir:
“O, fotolarda gördüyümüz ciddi və formalı hərbçi obrazından qat-qat artıq idi. Kazım Karabəkir həm qılıncın, həm də qələmin ustası idi”.
Professorun sözlərinə görə, Karabəkir hərbi liseydən başlayaraq Kuleli və Hərbi Məktəbi sinif birincisi kimi bitirib, akademik və intellektual baxımdan nadir şəxsiyyət olub. O, hadisələri yalnız icra etməyən, eyni zamanda sorğulayan, təşəbbüs göstərən və bu təşəbbüslərlə tarixin axarını dəyişə bilən bir lider idi.
Mudros müqaviləsi imzalandığı zaman Batumda olan Kazım Karabəkir 1918–1923-cü illərdə Şərq Cəbhəsinin əsas məsul şəxsi kimi çıxış edib. Professor Uzman qeyd edir ki, Milli Mübarizənin bir çox həlledici anlarında Karabəkirin verdiyi qərarlar tarixi müsbət istiqamətdə dəyişib.
Bu dönüş nöqtələrindən ən mühümü isə 8 iyul 1919-cu ildə Mustafa Kamal Paşanın hərbi xidmətdən istefa verdiyi gündə baş verib. Həmin gün Kazım Karabəkir Mustafa Kamala müraciətlə:
“Paşam, mən və korpusum sizin əmrinizdəyik” – deyə bildirib.
Bu mövqe Mustafa Kamal Paşanın Milli Mübarizənin legitim lideri kimi qəbul edilməsində həlledici rol oynayıb.
Professor Gülsüm Polat vurğulayır ki, Kazım Karabəkirin hərbi şəxsiyyəti onun xarakterinin əsas cəhəti idi, lakin bu, dərin vətən sevgisi ilə tamamlanırdı. Onun rəhbərliyi ilə Şərq Cəbhəsində nizam-intizam təmin edildi, bölgə təhlükəsizliyə alındı və Qərb Cəbhəsinə həm canlı qüvvə, həm də maddi-texniki dəstək verildi.
Kazım Karabəkirin komandanlığı altında imzalanan Gümrü müqaviləsi Türkiyə Böyük Millət Məclisinin beynəlxalq aləmdə əldə etdiyi ilk diplomatik qələbə oldu. Bu uğur ona “Şərqin Fatehi” adını qazandırdı.
Kazım Karabəkir Paşanı tarixin yaddaşında əbədiləşdirən əsas cəhətlərdən biri də onun humanitar fəaliyyəti olub. Müharibələr nəticəsində minlərlə uşaq valideynlərini itirmişdi. Karabəkir bu uşaqları himayəsinə götürərək “Darüləytam” tipli müəssisələr yaratdı, onları qidalandırdı, geyindirdi, təhsil və sənət sahibi olmalarına şərait yaratdı.
Professor Uzmanın sözlərinə görə, Karabəkirin yetimlərə sevgisi gənclik illərində Manastırda rastlaşdığı yetim bir qızla bağlı yaşantısından qaynaqlanırdı. O gündən etibarən ata himayəsindən məhrum uşaqlara sahib çıxmağı özünə həyat amalı seçmişdi.
Karabəkir Paşa bu uşaqlara yalnız sığınacaq deyil, gələcək verdi. Onlara peşə öyrətdi, musiqi ilə tanış etdi, cəmiyyətə yararlı fərdlər kimi yetişdirdi. Sonralar bu uşaqlar Cümhuriyyətin qurulmasında və dövlət idarəçiliyində mühüm mövqelərə yüksəldilər.
O, “Möhkəm Ordu” adlandırdığı 3–5 min yetim uşağı ömrünün sonuna qədər qoruyub saxladı.
Kazım Karabəkir Paşa yalnız sərkərdə deyil, eyni zamanda yazıçı, siyasətçi, dövlət xadimi və maarifçi idi. Professor Uzmanın sözləri ilə desək:
“Yazıçı Kazım Karabəkir var, dövlət xadimi Kazım Karabəkir var, Yetimlərin Atası Kazım Karabəkir var. Biz onun çoxşaxəli portretindən danışırıq”.
Bu səbəbdən Kazım Karabəkir bu gün də vətənpərvərlik, sosial məsuliyyət və humanizm anlayışlarının ən güclü simvollarından biri kimi xatırlanır.





















