Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, küçə ticarəti ilə məşğul olan şəxslər üçün şəhər ərazisindəki yarmarkada müvafiq ticarət yerləri ayrılıb:
“Sumqayıt şəhərinin 18-ci mikrorayon ərazisində kənd təsərrüfatı məhsullarının satışı üçün nəzərdə tutulmuş, əhali üçün münasib qiymətlərlə məhsulların təklif edildiyi yarmarka fəaliyyət göstərir və küçə ticarəti ilə məşğul olan şəxslər üçün həmin yarmarkada müvafiq ticarət yerləri ayrılıb. Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılarla aparılan izahat xarakterli söhbətlər zamanı onlara məhsullarını yalnız xüsusi ayrılmış bu ərazilərdə satmalarının zəruriliyi diqqətə çatdırılır”.
İcra Hakimiyyətindən əlavə edilib ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib:
“Bildiririk ki, həyata keçirilən növbəti reyd tədbiri zamanı da vətəndaşa məxsus küçə ticarəti yolu ilə satılan məhsullar 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada xüsusi ayrılmış ticarət yerinə aparılıb və həmin məhsulların orada satışının davam etdirilməsi tövsiyə olunub. Qabaqlayıcı tədbirlərin əsas məqsədi piyadaların sərbəst hərəkətinin təmin edilməsi, sanitariya-gigiyena normalarına riayət olunması və şəhər ərazisində qanunvericiliyin tələblərinə uyğun ticarət mühitinin formalaşdırılmasıdır”.
Yayılan görüntülərə baxmayaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti iddia edir ki, reyd tədbirləri zamanı satıcılara məxsus məhsullar müsadirə edilməyib, yalnız onların satışının müvafiq qaydalara uyğun şəkildə davam etdirilməsi təmin olunub.
Vəkil Əkrəm Həsənov isə bildirib ki, satıcının əmlakının müsadirə olunması qanunsuzdur:
“Sumqayıtda səkidə ticarət edənə vəzifəli şəxs tərəfindən haqlı irad bildirilir! Lakin niyə satıcı ilə kobud şəkildə danışır və “sən” deyə müraciət edir? Sahibkar orada ona görə ticarət edir ki, Bakı daxil hər yerdə buna nəyinsə müqabilində göz yumulur (səkilərdə hətta avto yuma məntəqələri var). Yəni faktiki icazə var! Qanunsuzdursa, qoy hər yerdə yığışdırılsın. Həm də başa düşmədim ki, yekunda vəzifəli şəxs almaları nəyə əsasən müsadirə etdi və hara apardı. Dərəbəylikdir…”.





















