image-images-2backend

TikTok, Instagram, Facebook üçün sərt tələblər – qaydaları pozanları nə gözləyir?

image-ads-728x90

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi qanunda öz əksini tapıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov Musavat.com-a yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarına hansı öhdəliklərin qoyulduğuna aydınlıq gətirdi. Vəkil qeyd etdi ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun sosial şəbəkə platformaları üçün uşaqların qeydiyyatı və təhlükəsiz istifadəsi ilə bağlı xüsusi rejim müəyyən edir:“Bu rejimə görə, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilmir. Belə platformaların siyahısını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təsdiq edir. Provayder hesab açılarkən istifadəçinin yaşını bəyan etdirməli, bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə yaşı yoxlamalı, 16–18 yaşlı uşağın qeydiyyatı üçün isə qanuni nümayəndənin razılığını almalıdır. Qanunda birbaşa nəzərdə tutulmayan alternativ yaş yoxlama üsulları yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə razılığı ilə tətbiq edilə bilər. İstifadəçinin davranışı bəyan edilmiş yaşla bağlı əsaslı şübhə doğurduqda təkrar yoxlama aparılmalı və yaş tələbinin pozulduğu müəyyən edilərsə hesaba giriş dərhal məhdudlaşdırılmalıdır. 16–18 yaşlı istifadəçilər üçün yüksək məxfilik parametrləri və geolokasiya məhdudiyyəti tətbiq edilməli, qanuni nümayəndəyə uşağın qarşılaşdığı məzmunu, reklamları və platformadan istifadə saatlarını idarə etmək imkanı verilməlidir. Platformalar uşaqların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunun qarşısını almalı, sonsuz sürüşdürmə və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizayn üsullarından istifadə etməməlidir. Uşağın həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmunun aşkarlanması üçün fasiləsiz işləyən rəqəmsal həllər tətbiq olunmalı və belə məzmunun yayılması ən gec 24 saat ərzində dayandırılmalıdır. Yaşın yoxlanılması üçün toplanmış fərdi məlumatların platformanın informasiya sistemində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, hədəfli reklam və digər kommersiya məqsədləri üçün istifadəsi qadağandır. Yoxlama tamamlandıqdan sonra məlumatlar dərhal silinməlidir. Yetkinlik yaşına çatmamış şəxsin paylaşdığı məlumat və fərdi məlumatların səlahiyyətli dövlət orqanının müraciəti əsasında silinməsi tələb olunduqda bu səlahiyyəti Milli Kibertəhlükəsizlik Agentliyi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir”.

Bu tələblərin icrasına nəzarət praktikada necə həyata keçiriləcək? sualına isə vəkil belə cavab verib:
“Qanunun icrasına əsas nəzarət qurumu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Provayderlər uşaqlara məxsus məlumatların silinməsi, tətbiq edilən təhlükəsizlik tədbirləri və hesab yaradılmasından imtina halları barədə illik məlumatları növbəti ilin yanvarın 15-dək Nazirliyə təqdim etməlidirlər. Nazirlik qanunun icrası ilə bağlı platformalara sorğular göndərə bilər və həmin sorğular beş iş günü ərzində tam və düzgün cavablandırılmalıdır. Praktik nəzarət hesabatların, istifadəçi və valideyn şikayətlərinin, yaş yoxlama mexanizmlərinin, məxfilik parametrlərinin, məlumatların silinmə qeydlərinin və zərərli məzmuna müdaxilə müddətlərinin yoxlanılması vasitəsilə aparıla bilər. Texniki audit və test hesablarının tətbiqi qanunda ayrıca prosedur kimi ətraflı göstərilməsə də, platformaların faktiki uyğunluğunun qiymətləndirilməsi üçün belə vasitələrin sonrakı icra qaydalarında müəyyən edilməsi mümkündür.
Maarifləndirmə tədbirlərinin həyata keçirilməsi isə bir neçə quruma həvalə olunub. Bu sahədə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərməlidir. Prezidentin tətbiq Fərmanında Media və Yayım Şurasına da uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirmək tövsiyə olunub.

Yaş məhdudiyyəti və uşaq təhlükəsizliyi tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 388-4-cü maddəsi ilə hüquqi şəxslər üçün pozuntunun xarakterindən asılı olaraq, 15 min manatdan 40 min manatadək, təkrar pozuntuya görə isə 45 min manatdan 50 min manatadək cərimələr nəzərdə tutulur. Fərdi məlumatların qanunsuz saxlanılması, ötürülməsi və silinməməsi ilə bağlı inzibati xəta protokollarının tərtib edilməsi Milli Kibertəhlükəsizlik Agentliyi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətinə aid edilib. Platformada qanunla yayılması qadağan edilən informasiya yerləşdirildikdə və ya götürülmədikdə isə İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi ayrıca tətbiq olunur”.

Vəkil əlavə edib ki, TikTok, Instagram, Facebook, X və digər xarici platformalar Azərbaycan istifadəçilərinə xidmət göstərdikləri və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi siyahıya daxil edildikləri halda Azərbaycan qanunvericiliyinin tələblərinə tabe olacaqlar:
“Hüquqi meyar şirkətin qeydiyyat ölkəsi deyil, onun Azərbaycan ərazisindəki istifadəçilərə xidmət təklif etməsidir. Xarici provayder Azərbaycanda filial və ya nümayəndəlik yaratmalı, dövlət qeydiyyatından keçməli, Azərbaycan dilində müraciətləri qəbul edən əlaqə mərkəzi formalaşdırmalı və yerli nümayəndəliyinə dövlət orqanları və istifadəçilərlə münasibətlərdə onu təmsil etmək üçün real səlahiyyət və resurslar verməlidir. Xarici provayder yerli qeydiyyat və nümayəndəlik yaratmaq öhdəliyini yerinə yetirmədikdə mərhələli hüquqi təsir mexanizmi tətbiq olunur. Yazılı xəbərdarlığın göndərilməsi, 100 min manat və əlavə 300 min manat maliyyə sanksiyalarının tətbiqi, habelə trafik məhdudiyyətləri üçün məhkəməyə müraciət edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətindədir. Dövlət orqanlarının və Azərbaycan vergi ödəyicilərinin həmin platformada reklam yerləşdirməsinin qadağan edilməsi barədə qərarı isə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.

Uyğunsuzluq davam etdikdə nazirlik platformanın internet trafikinin əvvəlcə 20 faiz azaldılması üçün məhkəməyə müraciət edə bilər. Pozuntu sonrakı müddətlərdə də aradan qaldırılmadıqda trafik 50 və 90 faizədək azaldıla bilər. Bu tədbirlər xarici şirkətin Azərbaycanda əmlakı və ya bank hesabı olmadıqda yalnız pul cəriməsinə əsaslanan icra mexanizmindən daha təsirli vasitə kimi çıxış edir. Platformada yayılması qadağan edilən informasiya yerləşdirildikdə isə məlumatın götürülməsi, xəbərdarlıq, məhkəməyə müraciət və girişin məhdudlaşdırılması üzrə ümumi mexanizmlər ayrıca tətbiq olunur; bu sahədə mövcud qanunvericiliyə əsasən əsas səlahiyyətli qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki