Rusiyada xarici vətəndaşlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi davam edir. Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qanunla əcnəbilərin ölkədən çıxarılmasına səbəb ola biləcək halların sayı artırılıb. Yeni dəyişikliklər miqrantların hüquqi vəziyyətinə ciddi təsir göstərə biləcək müddəaları özündə ehtiva edir.
Politoloq Arzuman Muradlı hesab edir ki, Moskva son dövrlər miqrasiya məsələsindən təkcə daxili təhlükəsizlik və hüquqi tənzimləmə vasitəsi kimi deyil, həm də xarici siyasət aləti kimi istifadə edir.
“Cənubi Qafqaz və Orta Asiya ölkələrindən olan miqrantlarla bağlı tətbiq edilən sərt tədbirlər həmin ölkələrə siyasi təzyiq göstərmək məqsədi də daşıya bilər. Miqrasiya məsələsi dövlətlərarası münasibətlərdə təzyiq mexanizminə çevrilməməlidir. Rusiyada yaşayan və işləyən milyonlarla xarici vətəndaşın vəziyyətinə təsir edən qərarlar region ölkələri üçün də ciddi nəticələr yarada bilər.”- deyə Arzuman Muradlı bildirib.
Qeyd edək ki, yeni qanunla Rusiyada əcnəbi vətəndaşların ölkədən deportasiya edilməsinə əsas verən hallar genişləndirilib. Beləliklə, deportasiya üçün nəzərdə tutulan maddələrin sayı 45-ə çatıb.
Qanuna əsasən, xarici vətəndaşların insan hüquq və azadlıqlarını, eləcə də qanuni maraqlarını pozması, o cümlədən ayrı-seçkilik xarakterli hərəkətlərə yol verməsi ölkədən çıxarılma ilə nəticələnə bilər. Bundan əlavə, sərhədi keçərkən hərbi qulluqçuların qanuni tələblərinə əməl etməmək də deportasiya səbəbi kimi müəyyənləşdirilib.
Politoloq qeyd edib ki, Moskvanın bu addımı miqrasiya nəzarətinin gücləndirilməsi kimi təqdim edilsə də, yeni qaydalar xarici vətəndaşların hüquqi vəziyyətini daha da çətinləşdirə bilər.
“Xüsusilə Rusiyada böyük miqrant icmalarının yaşadığı Orta Asiya və Cənubi Qafqaz ölkələrində bu qərarlar diqqətlə izlənilir.Yeni qanun imzalandıqdan üç ay sonra qüvvəyə minəcək. Bundan sonra əcnəbi vətəndaşların Rusiyada qalma qaydaları və hüquqi məsuliyyəti ilə bağlı tələblər daha da sərtləşəcək.”– deyə Arzuman Muradlı bildirib.






















