“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakıda Türkiyənin “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımla işgüzar görüş keçirib.
Korrekt.az xəbər verir ki, görüş zamanı tərəflər “Turan Tovuz” və “Fənərbağça” komandaları arasında yoldaşlıq oyununun təşkili ilə bağlı məsələləri müzakirə ediblər. Aparılan fikir mübadiləsinin nəticəsi olaraq qarşılaşmanın növbəti milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə keçirilməsi barədə razılıq əldə olunub.
Bununla yanaşı, görüşdə iki klub arasında gələcək əməkdaşlıq imkanları da müzakirə mövzusu olub. Tərəflər əlaqələrin uzunmüddətli inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və müxtəlif istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, planlaşdırılan yoldaşlıq görüşünün keçirilmə tarixi və məkanı ilə bağlı ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.






















