İngiltərənin “Mançester Yunayted” klubu Türkiyə millisinin qapıçısı Altay Bayındırın mövsümün sonunadək İspaniyanın “Selta Viqo” klubuna icarəyə verildiyini rəsmən açıqlayıb.
Korrekt.az xəbər verir ki, klubun yaydığı bəyanatda bildirilib ki, tərəflər futbolçunun 2026/27 mövsümünün sonuna qədər icarə əsasında “Selta Viqo”da çıxış etməsi barədə razılığa gəliblər.
İspaniya təmsilçisi də transferi təsdiqləyərək yeni qapıçısını azarkeşlərə təqdim edib. Klubun sosial media paylaşımında “Viqodan salamlar, türk qardaşlarım” ifadəsi yer alıb.
28 yaşlı qolkiper 2023-cü ildə Türkiyənin “Fənərbaxça” klubundan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, İngiltərə təmsilçisinin heyətində ümumilikdə 17 rəsmi oyuna çıxıb, bu matçlarda 31 qol buraxıb və 3 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.
Ötən mövsüm Altay Bayındır bütün turnirlərdə 6 oyunda forma geyinib.
Türkiyə millisinin qapıçısı “Mançester Yunayted”də çıxış etdiyi müddətdə komanda ilə İngiltərə Kubokunun (FA Cup) qalibi adını da qazanıb.
Yeni mövsümdə Altay Bayındırın La Liqada “Selta Viqo”nun heyətində müntəzəm oyun praktikası qazanacağı gözlənilir.





















