Bu gün ABŞ Dövlət Departamenti “Sepahan” futbol klubunun oyunçusu Əmirhüseyn Qədirzadə barəsində çıxarılan ölüm hökmünü tənqid edib. Korrekt.az xəbər verir ki, qərarın İranda etirazlarda iştirak ittihamı ilə verildiyi bildirilib. Vaşinqton İranı hökmü dərhal dayandırmağa çağırıb.
Departament farsdilli “X” hesabında paylaşım edərək bildirib ki, 19 yaşlı Qədirzadənin dinc etiraza qatıldığına görə edam cəzasına məhkum edilməsi İran rejiminin xalqın səsini boğmaq üçün nə qədər irəli getməyə hazır olduğunu göstərir.
Paylaşımda vurğulanıb ki, əhalisinin təxminən yarısı 30 yaşdan aşağı olan bir ölkədə hakimiyyət gəncləri dinləmək əvəzinə onları edam etməyi seçir. Departamentin açıqlamasına əsasən, öz gənclərinə mərhəmət göstərməyən bir rejim açıq mesaj verir: “İranda heç kim zorakılıqdan amanda deyil”.
Vaşinqton dinc etirazlara görə saxlanılan bütün şəxslərin azad edilməsi və İran xalqının fundamental hüquqlarına hörmət olunmasını tələb edib.





















