image-1backend

20 milyonluq sərvətin 300 minlik “yağmalanması” – Binəqədi polisi və Prokurorluq faktları araşdırır

image-ads-728x90

“27 illik zəhmətimin bəhrəsi olan şirkətimi cəzaçəkmə müəssisəsində təzyiq və hədə-qorxu ilə əlimizdən alıb 300 min manata başqasının adına keçirdilər”.

Bu sözləri Musavat.com-a uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mahirə Əsədova deyib.

Onun sözlərinə görə, 27 illik zəhməti hesabına əldə etdiyi vəsaitləri 2019-cu ildə “Sonar Farm” dərman şirkətinin yaradılmasına və inkişafına yönəldib.

Sahibkar xanım qeyd edib ki, dövlət rəhbərliyinin ölkədə sahibkarlığın inkişafına verdiyi dəstəkdən ilhamlanaraq mütəmadi olaraq xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub. Vətən müharibəsi günlərində orduya 1,8 milyon manatlıq dərman vasitəsi ianə etdiyini, müharibədən sonra isə Ağdam rayonunun 5 kəndində artezian su quyuları qazdıraraq 1000-ə yaxın evin su ilə təminatına dəstək verib.

Xanım sahibkarın bildirdiyinə görə, bir müddət əvvəl müxtəlif qeyri-qanuni yollarla onun şirkətini əlindən alıblar.

Mahirə Əsədova bildirib ki, “Sonar Farm”ı qurarkən iş adamı Elnur İsgəndərovla şərikli yola çıxıblar və ilk mərhələdə ortaq qərarla şirkəti Elnur İsgəndərovun xalası oğlu Saqil Hacıyevin adına rəsmiləşdiriblər:

“2025-ci ildə Elnur İsgəndərov ciddi bir əsas olmadan həbs edildi. Bundan sonra qarşı tərəfin vəkili cəzaçəkmə müəssisəsində onunla görüşüb, şirkətin Robert Eyyubovun adına rəsmiləşdirilməsini tələb edib. Öncə onlar şirkətə aid olan 1 milyon 200 min manat vəsaiti guya hansısa hüquq-mühafizə orqanında məsələ həll etmək adı ilə kassadan çıxarıblar. Daha sonra Elnura psixoloji təzyiqlər olunub və o, cəzaçəkmə müəssisəsindəki bəzi dustaqların da təhdidləri altında razılaşmağa məcbur edilib. Nəticədə, Saqil Hacıyevə xəbər göndərilərək 300 min manatlıq müqavilə ilə şirkət Əyyubovun adına keçirilib”.

Xanım sahibkar vurğulayıb ki, bazar dəyəri təxminən 20-21 milyon manat olan bir şirkətin cəmi 300 min manata alqı-satqı predmeti olunması ciddi suallar doğurur. O, bu prosesdə payının və mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, məsələdən tamamilə xəbərsiz saxlanıldığını bildirir.

Mahirə Əsədova qeyd edib ki, baş verənlərlə bağlı 1 ildən çoxdur müxtəlif dövlət strukturlarına və hüquq-mühafizə orqanlarına müraciətlər edilib. Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində və Bakı Şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir. Lakin sahibkar aparılan araşdırmaların hələ ki problemin tam və ədalətli həllinə imkan vermədiyini nəzərə alaraq, məsələni şəxsən ölkə rəhbərliyinin diqqətinə çatdırmaq qərarına gəldiyini vurğulayıb. Mahirə Əsədova müraciətinin məqsədinin sadəcə şou və ya ictimailəşdirmə deyil, qanuni və obyektiv ədalətin bərqərar olunması olduğunu bəyan edərək aidiyyəti qurumların məsələyə hərtərəfli və obyektiv qiymət verməsini xahiş edib.

Qarşı tərəfi dinləməyə hazırıq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki