““Hər müştəriyə yalnız bir bank kartı veriləcək” xəbəri doğru deyil. Ümumiyyətlə, belə bir məhdudiyyət də düzgün olmazdı”.
Korrekt.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov yayılan məlumatları şərh edərkən deyib.
Onun sözlərinə görə, əslində real məsələ başqa cürdür: “Yeni yanaşmaya əsasən, hər bankın hər bir kart məhsulu üzrə bir müştəriyə manatla 1 kart, hər bir xarici valyutada isə 1 kart verilməsi baza qayda kimi müəyyən edilir. Yəni bu, bir şəxsin həmin bankda yalnız bir kartının ola biləcəyi demək deyil. Bankın müxtəlif kart məhsulları varsa, müştəri onların hər biri üzrə ayrıca kart əldə edə bilər.
Əməkhaqqı, pensiya və digər sosial ödəniş kartları, eləcə də sahibkarlıq və depozit hesablarına bağlı kartlar bu yanaşmadan istisnadır”.
İqtisadçı qeyd edir ki, bundan başqa, bu limit də mütləq deyil. Müştərinin əlavə karta ehtiyacı əsaslandırıldıqda və bank əməliyyatlarda risk görmədikdə əlavə kartın verilməsi mümkündür.
“Yəni söhbət bank kartlarının sayının ümumi şəkildə məhdudlaşdırılmasından deyil, eyni kart məhsulu üzrə kartların sayına risk əsaslı yanaşmanın tətbiqindən gedir”, – o vurğulayıb.
E.Əmirov əlavə edir ki, bir müştərinin eyni bankda manatla debet kartı, kredit kartı, dollarla debet kartı, əməkhaqqı kartı, depozit hesabına bağlı kartı və digər fərqli kart məhsulları ola bilər. Başqa sözlə, qaydalara uyğun olaraq bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür.
“Üstəlik, ölkədəki 20-yə yaxın bankdan oxşar kart məhsullarını əldə etmək imkanını nəzərə alsaq, nəzəri olaraq bir şəxsin hətta 100-dək bank kartının olması da mümkündür”, – iqtisadçı vurğulayıb.





















