İsrailin müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “kağız sultan” adlandırıb.
Korrekt.az xəbər verir ki, İsrael Katz bu barədə Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışından sonra “X” hesabında paylaşım edib.
İsrail müdafiə naziri Türkiyə prezidentini HƏMAS-a maliyyə və siyasi dəstək göstərməkdə ittiham edib. O, həmçinin Ərdoğanın Osmanlı İmperiyasını bərpa etmək istəyində olduğunu iddia edib.
Katz paylaşımında Ərdoğanın Səudiyyə Ərəbistanının müdafiəsi məqsədilə “Məkkə Sazişi”ni imzaladığını qeyd edərək, onun bu mövzudakı mövqeyini də tənqid edib.
İsrail rəsmisi Türkiyə prezidentini İsrailə qarşı “təxribatları dayandırmağa” çağırıb.
“İsrail güclüdür və özünü necə müdafiə etməyi bilir. Biz kürd deyilik, nə də onun bu günə qədər Türkiyədə zülm etməyə davam etdiyi çarəsiz insanlarıq”, – deyə Katz bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında beynəlxalq təşkilatın mövcud vəziyyətdə sülh və təhlükəsizliyin təmin edilməsi missiyasını tam şəkildə yerinə yetirə bilmədiyini bildirib və BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb.
Ərdoğan çıxışında Qəzzadakı vəziyyətə də toxunaraq İsrailin hərbi əməliyyatlarını tənqid edib.
“Qəlbində insanlıq, şəfqət və mərhəmət olan, ədalət və vicdan hissi ilə idarə olunan heç kim orada baş verənlərə göz yuma bilməz”, – Türkiyə prezidenti deyib.
Ərdoğan Fələstini hələ də tanımayan ölkələri mövqelərini yenidən nəzərdən keçirməyə, bütün dövlətləri isə Qəzzadakı müharibənin dayandırılması üçün İsrailə təzyiqləri artırmağa çağırıb.
Türkiyə prezidenti Qəzzadakı vəziyyəti “dövrümüzün ən qeyri-insani və utancverici həbs düşərgəsi” kimi xarakterizə edib.





















