3 yaşlı uşağın müalicəsi yarımçıq dayandırıldı?
Korrekt.az xəbər verir ki, Leyla Medical Center-də azyaşlı uşaqla bağlı baş verdiyi iddia edilən hadisə valideynin ciddi narazılığına səbəb olub.
Ruslan İmanov adlı vətəndaş 11 noyabr 2026-cı il tarixində 3 yaşlı qızı ilə klinikada qarşılaşdığı hadisə barədə sosial şəbəkədə paylaşım edərək aidiyyəti qurumların diqqətini cəlb etməyə çalışıb.
Vətəndaşın iddiasına görə, həmin gün 40 dərəcə hərarət, güclü öskürək və ağciyərlərlə bağlı şikayətləri olan qızını Leyla Medical Center-in təcili tibbi yardım şöbəsinə aparıb. Uşağa venadaxili sistem qoşularaq müalicəyə başlanılıb.
Lakin müalicə davam etdiyi vaxt klinika əməkdaşları valideynə daxili qaydalara əsasən uşağın yanında yalnız bir valideynin qala biləcəyini bildirərək otağı tərk etməsini tələb ediblər.
Ruslan İmanov isə bu qaydanın hüquqi və yazılı əsasının göstərilməsini istəyib. Onun sözlərinə görə, suallarına konkret sənəd və əsaslandırılmış cavab verilməyib.
Şikayətçinin iddiasına əsasən, otağı tərk etməyəcəyi təqdirdə uşağa tibbi xidmət göstərilməyəcəyi bildirilib. Daha sonra uşağın damarına qoşulmuş sistemin və tibbi ləvazimatların çıxarıldığı, ailədən klinikanı tərk etmələrinin tələb olunduğu qeyd edilir.
Vətəndaş bildirir ki, nəticədə 40 dərəcə hərarətlə klinikaya gətirdiyi qızını müalicəsi tamamlanmadan, ağlayan və psixoloji gərginlik keçirən vəziyyətdə evə aparmalı olub.
Onun sözlərinə görə, müalicənin hansı mərhələdə dayandırıldığı, uşağa nə qədər məhlul və dərman yeridildiyi, eləcə də sonrakı tibbi tədbirlərlə bağlı kifayət qədər məlumat verilməyib.
Şikayətçi təhlükəsizlik əməkdaşı Ülvi Rzayevin, supervisor Racid Həsənlinin, eləcə də Gülər Mustafayeva və Lalə Ümidli Həmidin hadisədəki iştirakının araşdırılmasını istəyir.
Vətəndaşın iddiasına görə, əməkdaşlarla yaranan mübahisə zamanı ona qarşı qeyri-peşəkar münasibət nümayiş etdirilib. O, xüsusilə uşağın müalicəsinin davam etdiyi bir vaxtda tibbi xidmətin dayandırılması məsələsinin araşdırılmasını tələb edir.
Ruslan İmanov hadisə ilə bağlı Baş Prokurorluğa, aidiyyəti rayon prokurorluğuna, Səhiyyə Nazirliyinə, Ombudsmana və digər səlahiyyətli qurumlara müraciət etmək niyyətində olduğunu bildirib.
O, həmçinin 11 noyabr 2026-cı il tarixinə aid müşahidə kameralarının görüntülərinin qorunmasını, uşağın tibbi sənədlərinin araşdırılmasını və müalicənin hansı əsasla dayandırıldığının müəyyən edilməsini tələb edir.
Burada araşdırılmalı əsas məqam valideynlə klinika əməkdaşları arasında yaranmış mübahisədən daha ciddi məsələdir: tibbi yardıma ehtiyacı olan 3 yaşlı uşağın müalicəsi hansı əsasla dayandırılıb?
Valideynlə yaranan fikir ayrılığı uşağa göstərilən tibbi xidmətin dayandırılmasına əsas ola bilərmi? Qərarı kim verib və uşağın sağlamlığı üçün yarana biləcək risklər qiymətləndirilibmi?
Bu sualların cavabı yalnız obyektiv araşdırma və tibbi sənədlərin təhlili nəticəsində müəyyən edilə bilər.
Serhedaz.az olaraq Leyla Medical Center rəhbərliyinin məsələyə münasibətini öyrənməyə və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Eyni zamanda, aidiyyəti dövlət qurumlarının hadisəyə hüquqi qiymət verməsi vacib hesab olunur.Serhedaz.az





















