image-1backend

Arzuman Muradlı: “Paşinyanın Qırğızıstan, Bayramovun Ukrayna səfərləri Kremli qorxuya salıb”

image-ads-728x90

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfərləri Rusiyanın siyasi və ekspert dairələrini qorxuya salıb.

Bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, hər iki səfər arasında birbaşa əlaqə olmasa da, Moskvanın həm İrəvanın, həm də Bakının atdığı addımlara münasibəti sərt ola bilər.

Arzuman Muradlı qeyd edib ki, Nikol Paşinyan Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək. Onun fikrincə, Ermənistan rəhbərliyi artıq bu qurumun səmərəli fəaliyyət göstərmədiyini hesab edir və Paşinyan daha əvvəl Avrasiya İqtisadi İttifaqını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müqayisə edərək təşkilatın faktiki iflic vəziyyətində olduğunu vurğulayıb.

Politoloq bildirib ki, Rusiya Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq etməklə Qərblə yaxınlaşan Paşinyan hökumətinə siyasi təzyiq göstərməyə çalışır.

“Bu, Kremlin siyasi qərarıdır. Halbuki, Rusiyanın tətbiq etdiyi qadağalar Avrasiya İqtisadi İttifaqının fəaliyyət prinsiplərinə və mexanizmlərinə ziddir. Paşinyan Qırğızıstana da məhz bu məsələlərlə bağlı mövqeyini ifadə etməyə gedib. Təbii ki, Kremlin buna qarşı arqumentləri də səsləndiriləcək”, – deyə Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Kremlin diqqətlə izlədiyi  digər hadisə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəridir.

O vurğulayıb ki, Azərbaycanın istənilən dövlətlə əməkdaşlıq etməsi ölkənin suveren hüququdur və heç bir xarici güc buna müdaxilə edə bilməz.

“Rusiya Ukraynaya qarşı müharibə apardığı üçün Kiyevlə əməkdaşlıq edən ölkələrə də həssas yanaşır. Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistin sualını cavablandırarkən ‘Ukrayna işğalla barışmamalıdır’ fikrini səsləndirməsi Rusiyadakı şovinist dairələrin narazılığına səbəb olmuşdu. Onlar Azərbaycanın Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını qəbul etməsini gözləyirlər”, – deyə politoloq bildirib.

Arzuman Muradlı qeyd edib ki, Ceyhun Bayramov bir müddət əvvəl Moskvaya səfər etdiyi kimi, bu dəfə də  Kiyevdə rəsmi görüşlər keçirib. Onun fikrincə, Ukrayna Azərbaycanın tərəfdaş dövlətidir və Bakı bundan sonra da Kiyevlə siyasi, iqtisadi və humanitar əməkdaşlığı davam etdirəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki