image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Arzuman Muradlı: Rusiya hələ də Cənubi Qafqaz sevdasından əl çəkməyib

image-ads-728x90

“Rusiya hələ də Cənubi Qafqaz sevdasından əl çəkməyib. Son günlər Kremlin təbliğat ruporlarında Cənubi Qafqaz ölkələri ilə bağlı yayılan fikirlər onu göstərir ki, Moskva regiondakı təsir imkanlarını qorumaq niyyətindədir”.

Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Rusiya TRIPP marşrutu – Zəngəzur bağlantısı ilə bağlı mövqeyini hələ də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın siyasi irsi üzərindən izah etməyə çalışır.

“Ukrayna müharibəsinin uzanması Moskvanın postsovet məkanındakı təsir alətlərini daha həssas vəziyyətə gətirib. Cənubi Qafqazda isə yeni logistika və təhlükəsizlik arxitekturası formalaşır.

Vaşinqton üçün bu dəyişiklik yeni imkanlar yaradır. ABŞ Ukraynadakı müharibəni yalnız Avropa təhlükəsizliyi kontekstində deyil, Rusiyanın daha geniş geosiyasi manevr imkanlarının məhdudlaşması fonunda da qiymətləndirir. Cənubi Qafqazda TRIPP üzrə əldə olunan razılaşma da bu mənzərənin bir hissəsidir. Rusiya regiondan çıxmır, lakin əvvəlki qaydaları müəyyən edən əsas aktor mövqeyini itirir”, – deyə Arzuman Muradlı qeyd edib.

Politoloq vurğulayıb ki, TRIPP-in əsas əhəmiyyəti yalnız yeni nəqliyyat yolunun açılması ilə məhdudlaşmır.

“Məsələ ondadır ki, regional kommunikasiya modeli Rusiyanın sərhəd nəzarətinə söykənən 2020-ci il çərçivəsindən Ermənistanın suverenliyi, Azərbaycanla qarşılıqlı razılaşma və ABŞ-nin iqtisadi-siyasi iştirakı üzərində qurulan yeni sistemə keçir”, – deyə o bildirib.

Arzuman Muradlının sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 8 sentyabr 2025-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı da bu kontekstdə diqqət çəkir.

“Lavrov 8 avqust tarixli Vaşinqton razılaşmalarına ehtiyatlı münasibət göstərdi. O, bir tərəfdən Azərbaycan və Ermənistanın suveren qərar vermək hüququnu vurğuladı, digər tərəfdən isə yeni mexanizmlərin praktiki işləkliyi ilə bağlı suallar səsləndirdi.

Bu ritorikanı diplomatik narazılıq kimi oxumaq mümkündür. Çünki 8 avqust razılaşmaları Rusiyanın moderatorluğu ilə əldə olunmuş 10 noyabr Bəyanatının, xüsusilə regional kommunikasiyalarla bağlı 9-cu bəndinin əvvəlki çəkisini əhəmiyyətli dərəcədə azaldır”, – politoloq deyib.

Arzuman Muradlı xatırladıb ki, həmin bənd Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd orqanları tərəfindən həyata keçirilməsini nəzərdə tuturdu.

“TRIPP isə fərqli model yaradır. Burada Ermənistanın suverenliyi və yurisdiksiyası saxlanılır, marşrutun inkişafında isə ABŞ əsas institusional və investisiya tərəfdaşına çevrilir”, – deyə o əlavə edib.

Politoloq hesab edir ki, Moskvanın əsas problemi yeni marşrutun meydana çıxması deyil.

“Problem ondan ibarətdir ki, marşrut üzrə qaydaları artıq Rusiya müəyyən etmir. Bu, Cənubi Qafqazda nəzarət modelinin dəyişməsi deməkdir”, – Arzuman Muradlı vurğulayıb.

Arzuman Muradlının fikrincə, TRIPP Orta Dəhlizin mühüm quru halqalarından birinə çevrildikcə, Rusiyanın Avrasiya logistikasındakı mövqeyi daha mürəkkəb xarakter alacaq.

“Orta Dəhliz Rusiyanı tam şəkildə Şərq-Qərb ticarətindən təcrid etmir. Lakin bu marşrut Moskvanın həmin istiqamətdəki üstünlüyünü zəiflədir və Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa xəttinə alternativ strateji çəki qazandırır. Rusiya üçün əsas paradoks ondan ibarətdir ki, Moskva Çinlə strateji tərəfdaşlığı önə çıxarır, lakin Pekinin iqtisadi ekspansiyası Rusiyanın ənənəvi təsir məkanı hesab etdiyi Avrasiya coğrafiyasında yeni logistika mərkəzlərinin yaranmasına səbəb olur. Çin üçün marşrutların şaxələndirilməsi iqtisadi təhlükəsizlik məsələsidir. ABŞ üçün isə Orta Dəhlizin genişlənməsi Mərkəzi Asiyanın Rusiya tranzit sistemlərindən asılılığını azaltmaq və regionla daha dərin iqtisadi əlaqələr qurmaq imkanı yaradır”, – deyə politoloq Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki