Meksikada hərbi əməliyyat zamanı öldürülən Nemesio Oseqera Servantes – daha çox “El Menço” ləqəbi ilə tanınan narkobaron – uzun illər ABŞ və Meksika hüquq-mühafizə orqanlarının ən çox axtardığı şəxslərdən biri olub.
Korrekt.az xəbər verir ki, “El Menço” ABŞ-yə fentanil axınını təşkil etməkdə ittiham olunan və son illərdə Meksikanın ən güclü kartel rəhbəri sayılan fiqur sayılırdı.
1966-cı ilin iyulunda Meksikanın Miçoakan ştatında anadan olan Oseqera sonradan ABŞ-yə köçüb və 1990-cı illərdən etibarən narkotik ticarəti ilə məşğul olub. ABŞ-nin Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) məlumatına görə, o, 1994-cü ildə Kaliforniyada heroinin yayılması ilə bağlı sui-qəsddə təqsirli bilinərək üç il həbs cəzası çəkib.
Meksikaya qayıtdıqdan sonra bir müddət Xalisko ştatında polis əməkdaşı kimi çalışsa da, tezliklə yenidən cinayət fəaliyyətinə qayıdıb. O, kölgə iqtisadiyyatında təsirini artıraraq ölkənin ən qəddar və güclü cinayət imperiyalarından birinin başına keçib.
Oseqera Xalisko Yeni Nəsil Kartelini (CJNG) yaradaraq ona rəhbərlik edib. Bu qurum 2010-cu illərdə “Milenio” kartelinin parçalanmasından sonra yaranıb. O, Abiqael Qonsales Valensiya ilə birlikdə kartelin maliyyə və logistik şəbəkəsini qurub. Lakin real təsir gücünü Valensiyanın bacısı Rosalinda Qonsales Valensiya ilə evləndikdən sonra əldə edib.
ABŞ Dövlət Departamentinin məlumatına görə, CJNG Meksika hökumət rəsmilərinə qarşı sui-qəsdlər, rəqib qruplara və hüquq-mühafizə əməkdaşlarına qarşı qətllərlə yadda qalan son dərəcə zorakı bir qurumdur. 2015-ci ildə təhlükəsizlik əməliyyatına cavab olaraq bir neçə şəhərdə eyni vaxtda barrikadalar qurub və hərbi helikopteri vuraraq üç əsgərin ölümünə səbəb olub.
Kartel metanfetamin və xüsusilə də fentanil istehsalı və daşınmasında əsas oyunçulardan biri hesab olunur. ABŞ rəsmilərinə görə, CJNG ABŞ-yə qeyri-qanuni fentanilin əsas tədarükçülərindən biridir və bu fəaliyyət nəticəsində milyardlarla dollar gəlir əldə edir. Qrupun 40-dan çox ölkədə əlaqələri olduğu bildirilir.
ABŞ 2025-ci ilin fevralında CJNG-ni terror təşkilatı elan edib. Oseqera isə bir neçə dəfə ABŞ-də ittiham olunub, o cümlədən 2022-ci ildə metanfetamin, kokain və fentanilin Amerikaya gətirilməsi ilə bağlı ittiham irəli sürülüb. ABŞ onun tutulmasına görə 15 milyon dollar mükafat vəd edib.
“El Menço”nun Meksikanın Xalisko ştatının Tapalpa bölgəsində hərbi əməliyyat zamanı öldürülməsi ölkənin müxtəlif bölgələrində iğtişaşlara səbəb olub. Lakin ekspertlər hesab edir ki, onun ölümü CJNG-nin milyardlarla dollarlıq narkotik şəbəkəsini dərhal çökdürməyəcək.
DEA-nın məlumatına görə, kartel françayzinq modelinə bənzər struktur üzrə fəaliyyət göstərir və təxminən 90 ayrı təşkilatdan ibarətdir. Bu isə onun zəiflədilməsi üçün daha mürəkkəb və koordinasiyalı strategiya tələb edir.
Qeyd olunur ki, Meksika təhlükəsizlik qüvvələri ABŞ kəşfiyyatının dəstəyi ilə əvvəllər də kartel liderlərini zərərsizləşdirib. Lakin onların yerini tezliklə başqaları tutub və narkotik axını davam edib.Musavat.com





















