Politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında yaranmış hərbi qarşıdurmanın uzunmüddətli xarakter daşıya biləcəyini bildirib.
Onun sözlərinə görə, tərəflər arasında əldə olunan 14 bəndlik memorandumun icra olunmayacağı əvvəldən ehtimal edilirdi. Çünki həmin sənəddəki müddəalar həm ABŞ-ın, həm də İranın əsas maraqlarını tam əks etdirmirdi.
Elxan Şahinoğlu qeyd edib ki, İranda qərarların hansı mərkəzdə cəmləşdiyi məsələsinin qeyri-müəyyən qalması da razılaşmanın həyata keçirilməsi imkanlarını zəiflədirdi.
“Belə də oldu. İran Prezidenti və xarici işlər naziri Hörmüz boğazı ilə bağlı bir mövqedən çıxış etdilər, SEPAH generalları isə yenidən tankerlərə atəş açmaq yolunu seçdilər”, – deyə politoloq bildirib.
Elxan Şahinoğlu vurğulayıb ki, ABŞ və İran arasında hərbi qarşıdurmanın başlaması Pakistanı da çətin vəziyyətdə qoyub. Onun sözlərinə görə, İslamabad aprel ayından etibarən tərəflər arasında danışıqlar apararaq Vaşinqton və Tehran arasında ortaq mövqe formalaşdırmağa çalışsa da, buna nail ola bilməyib.
Politoloq xatırladıb ki, Türkiyə də müharibədən əvvəl vasitəçilik təşəbbüsü göstərib, lakin Tehran Ankaranın bu rolunu qəbul etməyib. Bundan əvvəl Omanda keçirilən görüşlərdən də konkret nəticə əldə olunmayıb.
Elxan Şahinoğlu bildirib ki, hazırkı vəziyyətdə başqa bir ölkənin vasitəçi kimi çıxış etməsi də çətin görünür. O, xüsusilə Hindistanın bu prosesdə rol alma ehtimalını dəyərləndirib.
“Vaşinqton və Tehranla normal münasibətləri olan Hindistan vasitəçilik təşəbbüsü göstərə bilərmi? Çətin. Çünki ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki gərginlik Hindistanın öz maraqlarına da birbaşa təsir edir”, – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Hindistan ilk növbədə İran və Körfəz ölkələrindən enerji idxalından asılıdır. Müharibə bu tədarükləri təhlükə altına salıb və buna görə də Hindistan neft emalı müəssisələri Rusiyadan daha çox neft almağa başlayıb.
Elxan Şahinoğlu qeyd edib ki, Hörmüz boğazında fəaliyyət göstərən tankerlərin ekipajları arasında çoxsaylı Hindistan vətəndaşları var və münaqişə onların təhlükəsizliyinə də ciddi risk yaradır. Bundan əlavə, Körfəz ölkələrində çalışan milyonlarla hindistanlı üçün də yaranmış vəziyyət təhlükə doğurur.
Politoloq Hindistanın İranın Çabahar limanındakı maraqlarına da diqqət çəkib. O bildirib ki, Yeni Dehli 2014-cü ildən bu limanın idarəçiliyində iştirak edir və böyük investisiyalar yatırıb. Çabahar limanı Hindistanın Orta Asiya və Əfqanıstanla ticarət əlaqələri qurması, eləcə də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu dəhliz çərçivəsində Rusiyadan göndərilən yüklərin Azərbaycan və İran ərazisindən keçərək Çabahar limanı vasitəsilə Hindistana çatdırılması nəzərdə tutulurdu. Əks istiqamətdə də yüklərin Rusiya istiqamətində daşınması planlaşdırılırdı”, – deyə o bildirib.
Elxan Şahinoğlu əlavə edib ki, Çabahar limanının da müharibədən zərər görməsi Hindistanın maraqlarına mənfi təsir göstərir. Onun fikrincə, hətta münaqişə dayandırılsa belə, limanın bərpası üçün böyük maliyyə vəsaiti tələb olunacaq.
Politoloq hesab edir ki, Hindistan dünyanın aparıcı iqtisadiyyatlarından biri və qlobal təhlükəsizlik sistemində mühüm oyunçu olsa da, Vaşinqtonla Tehran arasında vasitəçi rolunu üzərinə götürməyə risk etməyəcək.
O, bunun digər səbəbinin Hindistan-İsrail münasibətləri olduğunu bildirib. Şahinoğlu qeyd edib ki, Hindistan və İsrail arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf edir və müdafiə sahəsində əməkdaşlıq genişlənir.
“Tehran Yeni Dehli ilə münasibətlərini davam etdirsə də, İsrailin strateji tərəfdaşı olan Hindistanın vasitəçi rolunu qəbul etməsi ehtimalı azdır”, – deyə Elxan Şahinoğlu bildirib.





















