Hedi Lamarr Hollivudun ən gözəl və ən məşhur ulduzlarından biri idi. O, onlarla filmdə rol almış, cazibədar siması ən populyar jurnalların üz qabıqlarını bəzəmişdi. Lakin bu gözəlin gizli bir həyatı da vardı ki, onu yalnız ən yaxınları bilirdi: Lamarr ixtira etməyi çox sevirdi. Onun hazırladığı texnologiyalardan biri sonradan GPS, Bluetooth və Wi-Fi da daxil olmaqla, müasir rabitə sistemlərinin təməlini qoydu.
Onun bioqrafı, Riçard Rouds yazırdı: “Hedi həmişə hiss edirdi ki, insanlar onu ağlına görə qiymətləndirmirlər, buna gözəlliyi mane olurdu”.
Hedi hər gün MGM kinostudiyasının çəkiliş meydançasında 12, bəzən də 15 saat işlədikdən sonra Hollivud məclislərinə və çoxsaylı pərəstişkarları ilə görüşə tələsmirdi. O, evinə qayıdırdı ki, nəhayət, sevimli “ixtiraçı masasının” arxasına keçə bilsin.
“Hedinin çertyoj masası və mühəndislik üzrə kitablarla dolu, divarboyu uzanan kitab rəfi vardı. Bu, onun üçün sadəcə əyləncə deyil, ciddi bir məşğuliyyət idi”, – Rouds “Hedinin dəliliyi: Dünyanın ən gözəl qadını Hedi Lamarrın həyatı və inqilabi ixtiraları” adlı kitabında yazırdı.
Hedinin nə riyazi, nə də mühəndislik təhsili vardı. Amma gündəlik problemlərə texniki həll yolları tapmaq bacarığına malik idi. Məsələn, istifadə olunmuş salfetlərin saxlanması üçün qurğu və qaranlıqda işıq saçan it boyunluğu ixtira etmişdi.
Lakin onun ən mühüm nailiyyəti İkinci Dünya müharibəsi illərində meydana gəldi. Özünütəhsil yolu ilə mühəndislik bilikləri qazanan Hedi sonradan təhlükəsiz rabitənin əsas texnologiyalarından biri kimi qəbul edilən “tezliyin sıçrayışlı dəyişdirilməsi” (frequency hopping) prinsipini hazırladı. Lamarrın bu ixtirada töhfəsi qiymətini aldı, amma hiddətləndirici dərəcədə gec.
Uşaqlıq və gənclik
Hedi Lamarr (əsl adı Hedviq Eva Kisler) 1914-cü ildə Vyanada anadan olub. O, varlı yəhudi ailəsinin yeganə övladı idi. Atası bank direktoru, anası isə pianoçu olduğundan Hedi yaxşı təhsil aldı. O, balet, fortepiano və atçılıq dərsləri keçdi.
Hedinin iti zəkası və texniki bacarığı hələ uşaqlıq illərində özünü göstərməyə başladı və bunda atasının böyük rolu oldu. O, qızı ilə Vyananın gur küçələrində uzun gəzintilər edərkən tramvayların necə işlədiyini, elektrik stansiyalarında enerjinin necə istehsal olunduğunu izah edirdi. Hedi beş yaşında musiqi qutusunu asanlıqla söküb, sonra da eyni rahatlıqla yenidən yığmışdı.
“Hedi heç vaxt texniki təhsil almamışdı, amma atası ilə çox sıx münasibəti vardı, – deyə Rouds yazır. – O, atasını çox sevirdi və ixtiraçılığa marağının da məhz bu sevgidən doğulduğunu anlamaq çətin deyil”.
Təəssüf ki, Hedi peşəkar mühəndis və ya alim ola bilməzdi. 1930-cu illərdə Vyanada qızların belə bir karyera seçməsi faktiki mümkün deyildi. Buna görə də yeniyetmə yaşlarında o, kino sənayesinə üz tutdu.
“16 yaşında, – Rouds davam edir, – Hedi müəllimlərinə saxta məktub yazmışdı. Məktubda deyilirdi: “Qızım bu gün məktəbə gələ bilməyəcək”. Bunu yalnız ona görə etmişdi ki, Avropanın ən böyük kinostudiyasına gedib qapını açsın və “Salam, mən kino ulduzu olmaq istəyirəm”, – desin”.
Ancaq onun ekrandakı debütü dərhal baş tutmadı. Əvvəlcə ssenarist kimi çalışdı, sonra bir neçə ikinci dərəcəli rolda çəkildi. Avstriyalı rejissor Maks Reynhardt Hedini özü ilə Berlinə apardı və o, burada xüsusi uğur qazanmayan bir neçə filmdə rol aldı.
Karyerasındakı dönüş nöqtəsi Hedinin 18 yaşı olanda baş verdi. O, çex rejissor Qustav Maxatının çəkdiyi “Ekstaz” filmində rol aldı. Gənc qadının uğursuz nikahından, yaşlı varlı əri və sevgilisindən bəhs edən bu film böyük səs-küy doğurdu. Buna səbəb süjetdən çox, baş qəhrəmanın meşədəki göldə çılpaq çimdiyi təxminən on dəqiqəlik erotik səhnə idi.
.png)
Nəticədə film “təhlükəli dərəcədə əxlaqsız” hesab edilərək Almaniya və Amerika Birləşmiş Ştatlarında nümayişi qadağan olundu. Filmin məzmununu hətta Papa XI Piy də açıq şəkildə pisləmişdi.
Bununla belə, film Hedinin nüfuzuna heç bir mənfi təsir göstərmədi. O, əvvəlkitək Avropanın ən arzuolunan qadınlarından biri sayılırdı. “Ekstaz” ekranlara çıxmazdan əvvəl Lamarr teatr tamaşalarında da oynayırdı və bir gün Vyanada nümayiş olunan məşhur “Sissi” tamaşası zamanı varlı avstriyalı silah sənayeçisi Frits Mandl Hediyə vuruldu.
Onlar 1933-cü ildə evləndilər. Lakin bu nikah sanki Lamarrın “Ekstaz” filmindəki qəhrəmanının ailə həyatının təkrarı idi. Azadlığı sevən gənc qadın bir anda qızıl qəfəsə düşdü. Mandl həyat yoldaşını bütün işgüzar görüşlərinə özü ilə aparırdı. O, müştəriləri, o cümlədən nasist Almaniyasının və faşist İtaliyasının yüksək vəzifəli şəxsləri, hətta Benito Mussolini ilə silah müqavilələri bağlayarkən də Hedi yanında olmalı idi.
“Şam yeməkləri zamanı bombalar və torpedolar haqqında söhbətlərə qulaq asmaqdan ürəyi sıxılırdı, amma eyni zamanda eşitdiklərinin hamısını süngər kimi mənimsəyirdi, –Rouds yazır. – Əlbəttə, onunla heç kim nəyisə müzakirə etmirdi. Ondan sadəcə gözəl görünməsi və susması gözlənilirdi. Amma düşünürəm ki, məhz həmin söhbətlər sayəsində torpedoların idarəetmə sisteminin necə işlədiyini öyrəndi”.
Hedi bu uğursuz nikahdan dörd il sonra qaçdı. Əri ilə yaşamaq artıq dözülməz olmuşdu. Mandl ifrat dərəcədə qısqanc idi və arvadının ona xəyanət etdiyinə inanırdı. Üstəlik, 1937-ci ildə Avstriya Adolf Hitlerin yəhudilər əleyhinə siyasətini fəal dəstəkləməyə başlamışdı. Yəhudi əsilli Hedi tərəddüd etmədən ölkəni tərk etdi.
Yeni ölkə, yeni ad, yeni həyat
Hedinin növbəti dayanacağı London oldu. Həmin vaxt burada MGM studiyasının rəhbərlərindən biri olan Louis B. Mayer çalışırdı. O, nasistlərə loyal olan Avropa ölkələrindən qaçmağa məcbur olmuş yəhudi aktyorlarla fəal şəkildə müqavilələr bağlayırdı. Seçim imkanları demək olar ki, olmadığından onlar hətta çox aşağı qonorarla işləməyə də razı olurdular.
Lakin Hedi Mayerin həftədə cəmi 125 dollar maaş nəzərdə tutan müqaviləsini qəbul etmədi. Əvəzində onun ABŞ-a hansı sərnişin gəmisi ilə qayıdacağını öyrəndi və həmin reysə özü də bilet aldı.
“O, gəmidə mümkün qədər tez-tez diqqət mərkəzində olmağa çalışırdı. Məsələn, göyərtədə yaraşıqlı gənclərlə tennis oynayırdı, – deyə Rouds qeyd edir. – Onlar Nyu-Yorka çatanda Hedi Mayerlə artıq daha sərfəli razılaşma əldə etmişdi: həftədə 500 dollar. Bunun müqabilində isə altı ay ərzində ingilis dilini öyrənməli idi”.
Mayerin daha bir şərti vardı: Hedi adını dəyişməli idi. Hedviq Kisler adı həddindən artıq almansayağı səslənirdi. Mayerin həyat yoldaşı 1920-ci illərin aktrisası, cəmi 29 yaşında faciəli şəkildə vəfat etmiş Barbara La Marrın pərəstişkarı idi. Buna görə də o qərara gəldi ki, MGM-in yeni aktrisası ekranda Hedi Lamarr adı ilə çıxış etsin.
Gündüz aktrisa, gecələr mühəndis
Hedinin Hollivud səmasında parlaq ulduza çevrilməsi çox çəkmədi. Onun karyerasında əsas dönüş nöqtəsi Çarlz Boyerlə birlikdə çəkildiyi “Əlcəzair” filmindəki baş rol oldu. Bundan sonra MGM-in istehsal maşını tam gücü ilə işə düşdü və 1940-cı illər ərzində hər il Hedi Lamarrın baş rolda çəkildiyi bir neçə film ekranlara çıxdı.
“İstənilən qız cazibədar görünə bilər, – Hedi bir dəfə zarafatla demişdi. – Bunun üçün sadəcə sakit dayanmaq və bir az sadəlövh görünmək kifayətdir”.
Hedi Hollivuddakı şöhrətindən zövq alsa da, onun ilk və ən böyük sevgisi yenə də ixtiraçılıq idi. O, bu sahədə kino prodüseri və aviasiya mühəndisi Hovard Hyuz kimi yaxın həmfikir tapdı. Hedi onunla maraqlı bir ideyasını bölüşdü: əsgərlər üçün elə bir həb hazırlamaq ki, suya atıldıqda onu faydalı alkoqolsuz içkiyə çevirsin. Hyuz ona kömək etmək üçün öz kimyaçılarından bir neçəsini ayırdı.
Lakin işin böyük hissəsini Hedi evində, mühəndis masasının arxasında görürdü. Burada o, gündəlik problemlərə yaradıcı həllər tapmaq üçün eskizlər hazırlayırdı. İstifadə olunmuş salfetlər üçün qab və qaranlıqda işıq saçan it boyunluğundan başqa, yaşlı insanlar üçün vannadan çıxan xüsusi və təhlükəsiz duş oturacağı da onun ixtiralarından biri idi.
“O, əsl ixtiraçı idi, – deyə Rouds bildirir. – Nə vaxtsa həqiqi ixtiraçılarla ünsiyyətdə olmusunuzsa, bilirsiniz ki, onların heç də hamısının müvafiq təhsili olmur. Onlar dünyaya tamam fərqli gözlə baxırlar. Nəyinsə düzgün işləmədiyini görəndə başqaları kimi sadəcə şikayət etmirlər. Əksinə, onu necə düzəltmək barədə düşünürlər”.
Lamarr və sualtı qayıqlar
1940-cı ildə Hedi Avropadan gələn xəbərləri eşitdi və bunlar onu dərindən sarsıtdı. Nasist hərbi maşını getdikcə daha çox ərazini işğal edir, Almaniyanın sualtı qayıqları isə Atlantik okeanında ciddi təhlükə yaradırdı. Bu, Lamarrın adətən həll etdiyi məişət problemlərindən deyildi. Amma o, qələbəyə öz töhfəsini verməkdə qəti qərarlı idi.
Tale onun üzünə güldü. Dəvət olunduğu ziyafətlərin birində o, avanqard bəstəkar Corc Anteyl ilə tanış oldu. Müharibə ona da ağır zərbə vurmuşdu – qardaşı müharibənin ilk günlərində həlak olmuşdu. Anteyl və Hedi bir-birinə çox bənzəyirdi: qeyri-adi təfəkkürə malik, parlaq zəkalı iki insan, hər ikisi Adolf Hitleri məğlub etməyin yolunu tapmağa çalışırdı. Bəs bunu necə etmək olardı?
Roudsun fikrincə, məhz həmin vaxt Hedinin illər əvvəl Vyanada ilk əri ilə keçirdiyi darıxdırıcı şam yeməklərində qazandığı biliklər işə yaradı.
“O, torpedolar haqqında məlumatlı idi, – Rouds deyir. – Bilirdi ki, torpedoların hədəfə yönəldilməsi ciddi problemdir. Britaniyalılar suüstü gəmilərdən və ya təyyarələrdən buraxılan torpedolarla Almaniyanın sualtı qayıqlarını məhv edə bilsəydilər, baş verən bütün bu qırğınların qarşısını almaq mümkün olardı”.
Aydın idi ki, çıxış yolu radiodalğalarla idarə olunan torpedolardadır. Lakin burada ciddi bir problem vardı: almanlar radiosiqnalı asanlıqla boğa bilərdilər. Roudsun fikrincə, Hedini və Anteyli yaradıcı həll yoluna gətirən onların fortepianoya olan ortaq sevgisi oldu.
Musiqi onları birləşdirdi
Gecələr keçirdikləri beyin həmlələri zamanı Hedi və Anteyl yorğunluğu azaltmaq üçün musiqi oyunu oynayırdılar. Onlar birlikdə pianonun arxasına əyləşirdilər. Biri populyar mahnını ifa etməyə başlayır, digəri isə melodiyanı mümkün qədər tez tapmalı və ifaya qoşulmalı idi.
Rouds hesab edir ki, məhz bu sadə oyun Hedini və Anteyli “tezliyin sıçrayışlı dəyişdirilməsi” (frequency hopping) ideyasına gətirib çıxardı. İki musiqiçi eyni melodiyanı ifa edirsə, onlar tam sinxron şəkildə çala bilərlər. Amma dinləyici həmin melodiyanı tanımırsa, növbəti anda hansı dillərin basılacağını əvvəlcədən bilməyəcək. Başqa sözlə, siqnal daim dəyişən tezliklərin arasında gizlənmiş olurdu.
Bunun radiodalğalarla idarə olunan torpedolara nə aidiyyati vardı? Almanlar bir radiotezliyi asanlıqla boğa bilərdilər, lakin fasiləsiz şəkildə dəyişən, bir növ “tezliklər simfoniyası” yaradan siqnalı yox.
.jpg)
Eksperimental musiqi əsərlərində Anteyl eyni vaxtda işləyən bir neçə mexaniki fortepiano üçün kompozisiyalar yazırdı. Bu alətlər eyni perforasiya edilmiş kağız lentlər – yəni hansı dillərin nə vaxt basılacağını müəyyən edən primitiv proqram rolunu oynayan kağız daşıyıcılar vasitəsilə tam sinxron fəaliyyət göstərirdi. Bəs torpeda və onu idarə edən gəmi arasında rabitəni sinxronlaşdırmaq üçün eyni prinsipdən istifadə etmək olmazdımı?
“Bunun üçün sizə lazım olan cəmi iki sinxron taymerdir. Onlar həm gəmidə, həm də torpedonun daxilində eyni anda işə düşür, – Rouds izah edir. – Gəmi ilə torpedo arasındakı əlaqə fasiləsiz qalır, baxmayaraq ki, siqnal saniyənin hər hissəsində yeni tezliyə keçir. Siqnalı boğmağa çalışan şəxs onun həmin anda hansı tezlikdə olduğunu bilməyəcək, çünki siqnal fasiləsiz olaraq müxtəlif tezliklər arasında “tullanacaq”.
Hedinin təklifi ilə bu ağıllı sistem “tezliyin sıçrayışlı dəyişdirilməsi” adlandırıldı.
.jpg)
Hedinin və Anteylin ideyasının praktikada həyata keçirilməsinə mülki ixtiraların hərbi məqsədlər üçün necə istifadəsi perspektivini araşdıran ABŞ Milli İxtiraçılar Şurası kömək etdi. Şura onları Kaliforniya Texnologiya İnstitutunun fiziki ilə tanış etdi və o, qurğunun ilk işlək prototipini hazırladı.
1942-ci ildə qurğu tamamlandı və patentləşdirildi. Lakin Anteyl onu ABŞ Hərbi Dəniz Qüvvələrinə təqdim edəndə kobud şəkildə qovuldu.
“Nə etmək istəyirsən? Torpedonun içinə piano yerləşdirmək? Çıx buradan!” – Rouds hərbçilərin reaksiyasını belə təsvir edir. İxtiraçılara öz ideyalarını nümayiş etdirmək üçün heç bir imkan verilmədi.
Hedi və Anteylin ixtirası uzun müddət unuduldu. Hətta sözün əsl mənasında: patent “tam məxfi” qrifi ilə seyfə qoyuldu və müharibənin sonuna qədər orada qaldı. Bu müddət ərzində ondan bir dəfə də olsun istifadə edilmədi. Hər iki sənətçi gündəlik həyatına qayıtdı və elə düşündü ki, ixtiraçılıq fəaliyyəti bununla başa çatıb. Onlar patentlərinin hələ ikinci həyat yaşayacağını təsəvvür belə etmirdilər.
1950-ci illərdə elektrik avadanlığı istehsalçısı “Sylvania Electric Products” bu patentin üstündən tozu sildi. Şirkət tezliyin sıçrayışlı dəyişdirilməsi prinsipindən sualtı qayıqlarla təhlükəsiz rabitə sistemi yaratmaq üçün istifadə etdi. Bu texnologiya 1960-cı illərin əvvəllərində Karib böhranı zamanı ABŞ hərbi gəmilərində tətbiq olunurdu və bunun sayəsində sovet qoşunları rabitə siqnallarını boğa bilmirdi.
1970-ci illərdə avtomobil telefonları geniş yayılmağa başlayanda rabitə operatorları məhdud radiotezlik diapazonundan eyni vaxtda yüzlərlə abunəçinin istifadə edə bilməsi üçün yenə bu texnologiyadan yararlandılar. İlk mobil rabitə şəbəkələrinin əsas prinsiplərindən biri də məhz bu oldu.
1990-cı illərə gəldikdə isə tezliyin sıçrayışlı dəyişdirilməsi texnologiyası o qədər geniş yayıldı ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) onu təhlükəsiz radioəlaqə üçün məcburi standartlardan birinə çevirdi. Məhz buna görə də Bluetooth, Wi-Fi və bir çox digər mühüm simsiz rabitə texnologiyalarının əsasında Hedi Lamarr və Corc Anteylin vaxtilə irəli sürdüyü ideya dayanır.
Təəssüf ki, ixtiraçılardan biri öz ideyasının ikinci həyat qazandığını görə bilmədi: Anteyl 1959-cu ildə vəfat etdi. Bir müddət sonra isə Lamarrın Hollivud karyerası da başa çatdı.
O, Floridaya köçərək yeni ixtiralar üzərində işləməyə davam etdi. Onlardan biri sürücülər üçün daha rahat istifadə edilə bilən yeni tip svetofor idi. Yalnız Hedi səksən yaşını keçəndən sonra bir qrup mühəndis patentdə göstərilən “Hedviq Kisler Makkey” adının əslində Hollivud ulduzu Hedi Lamarr olduğunu anladı.
“Hediyə pul lazım deyildi, o, sadəcə əməyinin tanınmasını istəyirdi, – deyə Rouds yazır. – Bu mühüm ixtirada xidmətlərinin uzun illər qiymətləndirilməməsi onu həqiqətən qəzəbləndirmişdi. Nəhayət, 1990-cı illərdə o, bu sahəyə verdiyi töhfəyə görə mükafat aldı. Və Hedi məhz Hediyə xas şəkildə, buna belə reaksiya verdi: “Nəhayət, lap vaxtıdır”.
Hazırladı: Yadigar Sadıqlı





















