Ermənistan hökuməti məktəb proqramında növbəti dəyişiklik təşəbbüsü ilə çıxış edib. Qərara əsasən, 8-ci sinifdən tədris olunan “İlkin hərbi hazırlıq” fənni ləğv edilərək onun yerinə “Təhlükəsiz həyat fəaliyyəti” adlı yeni fənn tətbiq olunacaq.
Korrekt.az xəbər verir ki, müvafiq qanunvericilik dəyişiklikləri layihəsi e-draft.am saytında dərc edilib. Layihənin müəllifi olan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi hesab edir ki, mövcud “İlkin hərbi hazırlıq” fənni şagirdlərdə əsasən hərbi-idman bacarıqları formalaşdırır, lakin dövlət, informasiya, fərdi və kollektiv təhlükəsizlik, eləcə də fövqəladə hallarda davranış qaydaları barədə biliklər yetərli deyil.
Nazirlik təklif edir ki, yeni fənn çərçivəsində hərbi hazırlıqla yanaşı, fövqəladə vəziyyətlərə reaksiya, gündəlik həyatda təhlükələrin qarşısının alınması və düzgün davranış bacarıqları da tədris olunsun. Yuxarı siniflərdə praktiki bacarıqların artırılması üçün təlim düşərgələrinin təşkili də planlaşdırılır. Bundan əlavə, “Təhlükəsiz həyat fəaliyyəti” fənninin 5-ci sinifdən etibarən tədrisi nəzərdə tutulur.
Məsələ ilə bağlı Sputnik Ermənistana danışan hərbi tarixçi və siyasi elmlər doktoru Armen Ayvazyan bildirib ki, hərbi hazırlığın mülki müdafiə ilə əvəzlənməsi adətən hərbi təhlükə riski aşağı olan ölkələr üçün xarakterikdir.
Onun sözlərinə görə, yüksək hərbi risklə üzləşən ölkələr, o cümlədən Ermənistan, əksinə, praktik hərbi hazırlığı gücləndirməyə üstünlük verir. Ayvazyan fövqəladə hallara hazırlığın vacibliyini inkar etməsə də, bunun hərbi bacarıqların zəiflədilməsi hesabına baş verməməli olduğunu vurğulayıb.
Ekspert həmçinin beynəlxalq təcrübəyə toxunaraq qeyd edib ki, Rusiya sovet dövründən qalan hərbi tədris modelini qoruyub saxlayaraq onu müasir elementlərlə zənginləşdirib. İsraildə isə məktəblərdə çağırışaqədərki hazırlıq yüksək səviyyədədir və gənclər orduya getməzdən əvvəl əsas hərbi bacarıqlara yiyələnirlər.
Ayvazyanın sözlərinə görə, Finlandiya da uğurlu model tətbiq edir: burada həm mülki müdafiə, həm də könüllü hərbi hazırlıq sistemi güclüdür və nəticədə ölkə Avropada ən effektiv mobilizasiya ehtiyat sistemlərindən birinə malikdir.
Ekspert hesab edir ki, Ermənistanın hansı istiqaməti seçməsi ölkənin təhlükəsizlik strategiyası baxımından həlledici əhəmiyyət daşıyır.





















