İranın hərbi qurumu ABŞ-a məxsus tankerə hücum edildiyini iddia edib.
İddia İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) açıqlamasında yer alıb. Məlumata görə, bu səhər Fars körfəzinin şimal hissəsində Amerika tankerinə hücum həyata keçirilib və gəmidə yanğın baş verib.
İİKK-nın mətbuat xidmətinin məlumatında bildirilir ki, hücum nəticəsində tanker hazırda yanır. Korrekt.az xəbər verir ki, məlumatı İranın Tasnim News Agency agentliyi yayıb.
Qurumun açıqlamasında qeyd olunub ki, daha əvvəl Hörmüz boğazına ABŞ, İsrail, Avropa ölkələri və onları dəstəkləyən dövlətlərə məxsus hərbi və kommersiya gəmilərinin daxil olmasının qadağan ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdi.
“Biz əvvəllər xəbərdarlıq etmişdik ki, bu ölkələrə məxsus gəmilər Hörmüz boğazına daxil olarsa, aşkar edildiyi halda qaçılmaz şəkildə hücuma məruz qalacaq”, – deyə İİKK-nın açıqlamasında bildirilib.
Hadisə ilə bağlı hələlik ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.





















